Intel flaqman Panther Lake noutbuk prosessorlarının istehsalında ASML-in yeni nəsil High NA EUV litoqrafiya avadanlığından istifadə etməyə başlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət bu texnologiyanı 2024-cü ildən aparılan sınaqlardan sonra istehsalda tətbiq edir. Məqsəd avadanlığın işini təkmilləşdirmək və gələcək nəsil çiplərin istehsalı üçün təcrübə toplamaqdır.
Yeni "High NA EUV" sistemi mikroçiplərin daha dəqiq hazırlanmasına imkan verir. Təxminən "400 milyon dollar" dəyərində olan bu avadanlıq standart EUV sistemlərindən iki dəfə bahadır və istehsala tətbiqi texniki baxımdan mürəkkəb hesab olunur.
Intel Panther Lake prosessorlarını "18A" istehsal texnologiyası ilə hazırlayır və ilk "High NA EUV" avadanlığını 2024-cü ildə ABŞ-nin Oreqon ştatındakı Hillsboro tədqiqat mərkəzinə quraşdırıb.






