16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması və 16–18 yaş arası yeniyetmələrin sosial platformalardan valideyn razılığı ilə istifadə etməsi ilə bağlı müzakirələr davam edir. Qarabağ Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru namizədi Nigar Ramazanova mövzu ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, bu məsələyə yalnız qadağa prizmasından yanaşmaq düzgün deyil.

Onun sözlərinə görə, əsas məqsəd uşaqların psixoloji, sosial və koqnitiv inkişafının qorunması, eyni zamanda onların rəqəmsal dünyaya sağlam və şüurlu şəkildə hazırlanması olmalıdır.

N.Ramazanova qeyd edib ki, bu məsələ onun elmi tədqiqat istiqaməti ilə də birbaşa bağlıdır. O bildirib ki, müasir dövrdə sağlam həyat tərzi anlayışı yalnız fiziki sağlamlıq, düzgün qidalanma və fiziki aktivliklə məhdudlaşmır, rəqəmsal davranış, informasiya istehlakı və psixoloji rifah da bu anlayışın ayrılmaz hissəsinə çevrilib.

Mütəxəssis vurğulayıb ki, bu günün yeniyetmələri rəqəmsal texnologiyaların içərisində böyüyən nəsildir və onlar texnologiyaya sonradan uyğunlaşmayıblar, əksinə, texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsi olduğu mühitdə formalaşıblar.

“Sadə texniki qadağaları aşmaq üçün alternativ yollar tapmaq ehtimalları da nəzərə alınmalıdır. Bu nəsil yalnız informasiya qəbul etmək deyil, həm də fikir bildirmək, paylaşmaq və öz rəqəmsal kimliyini formalaşdırmaq istəyir. Sərt nəzarət və səbəbi izah edilməyən qadağalar gözlənilən nəticəni verməyə bilər”, – deyə o bildirib.

Nigar Ramazanovanın fikrincə, sərt məhdudiyyətlər bəzi hallarda yeniyetmələri yaşlarını yanlış göstərərək hesab yaratmağa, VPN və digər texnoloji vasitələrdən istifadə etməyə, eləcə də rəqəmsal fəaliyyətlərini valideynlərdən gizlətməyə sövq edə bilər.

“Burada əsas risk uşağın sosial şəbəkəyə daxil olması deyil, onun nəzarət və etimad mühitindən çıxaraq gizli rəqəmsal məkana keçməsidir. Uşaq onlayn təhlükə, kiberbullinq və ya manipulyasiya ilə qarşılaşdıqda bunu valideynindən və müəllimindən gizlədə bilər”, – deyə o əlavə edib.

Ekspert eyni zamanda sosial şəbəkələrin yaratdığı risklərin də ciddi nəzərə alınmalı olduğunu bildirib. Onun sözlərinə görə, kiberbullinq, yaşa uyğun olmayan məzmun, sosial müqayisə, “ideal həyat” və “ideal görünüş” təsəvvürlərinin təbliği uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Həddindən artıq istifadə isə yuxu rejiminin pozulması, fiziki passivlik, diqqətin dağılması və real sosial münasibətlərin zəifləməsi ilə nəticələnə bilər.

N.Ramazanova hesab edir ki, ən səmərəli yanaşma hüquqi tənzimləmə ilə yanaşı, rəqəmsal sağlamlıq və rəqəmsal savadlılıq mədəniyyətinin sistemli şəkildə formalaşdırılmasıdır.

“Uşağa sadəcə ‘sosial şəbəkədən istifadə etmə’ demək kifayət deyil. Ona sosial şəbəkələrin necə işlədiyini, alqoritmlərin davranışına necə təsir etdiyini, şəxsi məlumatlarını necə qorumalı olduğunu və riskli vəziyyətlərdə kimə müraciət etməli olduğunu öyrətməliyik”, – deyə o vurğulayıb.

Mütəxəssis bildirib ki, 16–18 yaş arası yeniyetmələrin valideyn razılığı ilə sosial platformalardan istifadəsi valideyn məsuliyyətini artıran mexanizm kimi qiymətləndirilə bilər. Lakin onun fikrincə, valideyn razılığı formal xarakter daşımamalı, valideynlərin özləri də rəqəmsal təhlükəsizlik sahəsində kifayət qədər məlumatlı olmalıdırlar.

Sonda Nigar Ramazanova vurğulayıb ki, məhdudiyyətlər müəyyən risklərin qarşısını ala bilər, lakin təkbaşına kifayət etmir: “Qadağalar alternativlər yaradır, təhsil isə düzgün seçim etmək bacarığı formalaşdırır. Məqsəd uşaqları rəqəmsal dünyadan tam təcrid etmək deyil, onları bu mühitdə şüurlu, məsuliyyətli və təhlükəsiz davranmağa hazırlamaqdır.”