16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması, 16–18 yaş arası yeniyetmələrin isə bu platformalardan valideyn razılığı ilə istifadə etməsi uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edən mühüm addımdır.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir QHT.az- açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu yanaşma uşaqların yaşlarına uyğun olmayan məzmun, kibertəzyiq, internet asılılığı və digər onlayn risklərlə qarşılaşma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

“16–18 yaş arası yeniyetmələrin sosial şəbəkələrdən valideyn razılığı ilə istifadə etməsi ailə nəzarətini gücləndirir, valideyn-övlad ünsiyyətini artırır və rəqəmsal mühitdə daha məsuliyyətli davranış vərdişlərinin formalaşmasına kömək edir”, – deyə o vurğulayıb.

Firuzə Nadir qeyd edib ki, təkcə məhdudiyyətlərin tətbiqi ilə kifayətlənmək olmaz. Onun sözlərinə görə, bu proses rəqəmsal savadlılığın artırılması, valideynlərin maarifləndirilməsi, məktəblərdə təhlükəsiz internet istifadəsi ilə bağlı təlimlərin keçirilməsi və sosial şəbəkə platformalarının məsuliyyətinin gücləndirilməsi ilə paralel aparılmalıdır.

“Belə kompleks yanaşma həm uşaqların onlayn risklərdən daha etibarlı qorunmasına, həm də onların rəqəmsal dünyadan sağlam və faydalı şəkildə istifadə etməsinə imkan yaradacaq”, – deyə İctimai Şuranın sədri əlavə edib.

Firuzə Nadir hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər cəmiyyətin sosial sifarişindən irəli gəlir və əsas məqsəd uşaqların hüquq və mənafelərinin, fiziki, psixoloji və emosional inkişafının etibarlı şəkildə qorunmasıdır.

Zəhra Ağayeva