BMT-nin Qadınlar Agentliyi (UN Women) qlobal maliyyə ixtisarlarının qadın hüquqları sahəsində çalışan qeyri-hökumət təşkilatlarına ciddi təsir göstərdiyini açıqlayıb. Yeni hesabata əsasən, son 18 ay ərzində ən azı 1 milyon qadın və qız həyati əhəmiyyətli humanitar və sosial dəstək xidmətlərindən məhrum olub. 

UN Women-in yaydığı hesabata görə, beynəlxalq donor maliyyəsinin kəskin azalması dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən qadın yönümlü qeyri-hökumət təşkilatlarının işini ciddi şəkildə çətinləşdirib. Araşdırma göstərir ki, sorğuda iştirak edən təşkilatların 84 faizi ehtiyacların artdığını bildirsə də, onların təxminən 90 faizi mövcud tələbatı qarşılamaq imkanında deyil. 

QHT.az xarici mediaya istinadən bildirir ki, hesabat 52 ölkədə fəaliyyət göstərən 855 qadın təşkilatının iştirakı ilə hazırlanıb. Məlumata görə, təşkilatların 40 faizi mövcud maliyyə vəziyyəti dəyişməzsə, yaxın 12 ay ərzində fəaliyyətini tam və ya qismən dayandırmaq riski ilə üz-üzədir. 

UN Women bildirir ki, maliyyə çatışmazlığı nəticəsində təhlükəsiz sığınacaqların fəaliyyəti məhdudlaşdırılır, gender əsaslı zorakılıq qurbanlarına göstərilən xidmətlər azalır, bir çox təşkilatlar isə işçi sayını ixtisar etməyə məcbur qalır. Nəticədə ən həssas qrupların humanitar və hüquqi dəstəyə çıxışı zəifləyir. 

Hesabatda vurğulanır ki, qadın hüquqlarının müdafiəsi sahəsində çalışan vətəndaş cəmiyyəti institutlarının davamlı maliyyələşdirilməsi humanitar böhranların təsirlərinin azaldılması və gender bərabərliyinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. UN Women beynəlxalq donorları qadın təşkilatlarına dəstəyin artırılmasına çağırıb.