Yeni araşdırmalar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
QHT.az xarici mediaya istinadən bildiri ki, onilliklər ərzində aparılan tədqiqatların nəticələri sübut edir ki, müntəzəm güc və ya müqavimət məşqləri ürək xəstəlikləri və insultdan ölüm ehtimalını əhəmiyyətli dərəcədə aşağı salır. Mütəxəssislərin fikrincə, bu məşqlər nevroloji xəstəliklərdən ölüm riskinin azalmasına da müsbət təsir göstərir.
Araşdırma müəllifləri bildirirlər ki, əldə olunan nəticələr güc məşqlərinin sağlamlığın pisləşməsinin qarşısını almağa və ya onu gecikdirməyə kömək etdiyini göstərən yeni elmi sübutlar təqdim edir. Bu isə eyni zamanda səhiyyə sistemlərinin üzərinə düşən yükün azalmasına töhfə verə bilər.
Qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik məşqlərin faydaları uzun illərdir məlumdur. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) qeyd edir ki, müntəzəm aerobik fəaliyyət stressi azaldır, özünəinamı artırır və ürək xəstəlikləri, insult, eləcə də 2-ci tip diabet riskini aşağı salır. Lakin güc məşqlərinin ölüm riskinə təsiri indiyədək kifayət qədər araşdırılmamışdı.
Ölüm riskində nəzərəçarpacaq azalma
Tədqiqatçılar 30 ildən artıq dövrü əhatə edən və 147 min 374 kişi və qadının iştirak etdiyi üç fərqli araşdırmanın nəticələrini təhlil ediblər.
Araşdırma göstərib ki, həftədə 90 dəqiqədən iki saata qədər ağırlıq qaldırma məşqləri edən şəxslərdə hər hansı səbəbdən vaxtından əvvəl ölüm riski 13 faiz azalır.
Bundan əlavə, ürək-damar xəstəliklərindən ölüm riski 19 faiz, demans kimi nevroloji xəstəliklərdən ölüm riski isə 27 faiz aşağı olub.
Mütəxəssislər müəyyən ediblər ki, ən aşağı ölüm riski həm aerobik, həm də güc məşqlərini birlikdə həyata keçirən insanlarda müşahidə olunur. Həftə ərzində yüksək səviyyədə fiziki aktivlik göstərən bu qrupda vaxtından əvvəl ölüm riski 58 faizə qədər azalıb.
Bununla yanaşı, araşdırma nəticələri göstərib ki, həftədə iki saatdan artıq güc məşqi etməyin əlavə sağlamlıq üstünlüyü müşahidə olunmayıb.
Sümük və beyin sağlamlığı üçün faydalıdır
Şəxsi məşqçi Bev Wilson bildirib ki, ağırlıq məşqləri oynaq ağrıları, aşağı enerji səviyyəsi, yavaş metabolizm və çəki artımı ilə mübarizədə xüsusilə faydalıdır.
Onun sözlərinə görə, güc məşqləri qan şəkərinin tənzimlənməsinə kömək edir, oynaq ağrılarını azaldır və sümükləri möhkəmləndirir.
Wilson əlavə edib ki, bu məşqlər beyin sağlamlığına da müsbət təsir göstərir. Belə ki, insanlar daha yaxşı diqqət toplamaq, yaddaşı gücləndirmək və idrak funksiyalarını yaxşılaşdırmaq imkanı əldə edirlər.
“Sport England” təşkilatının Sağlamlıq və Rifah Siyasəti üzrə strateji rəhbəri Tom Berton isə bildirib ki, fiziki aktivlik daha sağlam, firavan və xoşbəxt cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, xüsusilə güc məşqləri sağlam yaşlanmanı dəstəkləyən, hərəkət qabiliyyətini və müstəqil həyat tərzini qorumağa kömək edən ən təsirli vasitələrdən biridir.
Piranə Xasiyeva












