Cəsarət Hüseynzadə

 “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri


Təşkilatımız fəaliyyət istiqamətlərinə uyğun olaraq uzun illərdir ki, həm “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”, həm də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət qurumlarının fəaliyyətini izləyir və qiymətləndirik. Bu istiqamətdə əsas prioritetlərdən biri dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, QHT-lərin qərarqəbuletmə və ictimai nəzarət proseslərində iştirak imkanlarının genişləndirilməsidir.

 Müşahidələrimiz göstərir ki, son bir neçə ildə bu sahədə ən diqqətçəkən fəaliyyət nümunələrindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik vətəndaş cəmiyyəti institutları ilə açıq dialoq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirlməsi istiqamətində ardıcıl addımlar atır.

Bu gün vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, o cümlədən ƏƏSMN yanında İctimai Şuranın üzvləri nazirliyin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada infotur çərçivəsində Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqələrin test imtahanı mərhələsini izləmək imkanı əldə etdilər.

Ən vacib məqamlardan sahə üzrə ixtisaslaşmış QHT nümayəndələrinin iştirakı və peşəkarlıq prinsipləri əsasında təşkil olunması idi. Görüş zamanı aparılan müzakirələrin açıq, konstruktiv və qarşılıqlı hörmət şəraitində keçməsi bu qurum ilə ilə vətəndaş cəmiyyəti arasında sağlam dialoq mühitinin formalaşdığını bir daha nümayiş etdirdi.

Mən və həmkarlarım təsdiq edə bilərik ki, bu tədbir formal xarakter daşımırdı. Çünki ictimaiyyət nümayəndələrinə yalnız tədbir günü deyil, müsabiqə prosesinin başlanğıcından etibarən bütün mərhələləri sərbəst izləmək imkanı yaradılmışdı. Bu isə şəffaflığın təmin olunması baxımından olduqca mühüm amildir.

Görüş zamanı bir sıra vacib və həssas məsələlər ətrafında geniş müzakirələr aparıldı, müxtəlif arqumentlər səsləndirildi və suallar cavablandırıldı. Xüsusilə vakant yerlər və qəbul statistikası göstərir ki, seçim prosesi namizədlərin bilik və bacarıqlarına əsaslanan şəffaf bir sistem üzrə qurulub.

Mənə elə gəlir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində əsas xəttlərdən biri yeniliklərin və sistemli idarəetmə mexanizmlərinin tətbiqidir. Nazirlik davamlı olaraq elə mexanizmlər formalaşdırır ki, sonradan digər dövlət qurumları üçün də nümunəyə çevrilir.

Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində vakant vəzifələrin tutulması üçün tətbiq olunan müsabiqə və test imtahanı mexanizminin gələcəkdə digər publik hüquqi şəxslər üçün də model kimi istifadə olunması məqsədəuyğun görünür.

Bu mexanizm artıq kifayət qədər təkmilləşdirilib, sınaqdan keçirilib və özünü uğurlu təcrübə kimi doğruldub. Ən əsası isə müsabiqə prosesinə ictimai etimad formalaşıb. İnsanlar inanırlar ki, bilik və bacarıqlarını inkişaf etdirməklə bu vakansiyalara qəbul olmaq mümkündür. Eyni zamanda, DOST könüllüləri əsasında artıq güclü bir inkişaf və təcrübə məktəbi formalaşıb. Bu da şəffaf, ədalətli və peşəkarlığa əsaslanan kadr siyasətinin mühüm göstəricisidir.