"Tarixi şəxsiyyət Heydər Əliyevin mili-hərbi vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi qoyulur".
Bu sözləri GVİB sədri, Azərbaycan Fəxri Bədən Tərbiyəsi və İdman işcisi Muğan Əliyev (Muğamət) QHT.az-a açıqlamasında bildirib.
Muğan Əliyevin sözlərinə görə, vətənpərvərlik tərbiyəsinin əsas istiqaməti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə söykənir:
Vətənpərvərlik anlayışının mahiyyəti haqqında Ulu Öndər Heydər Əliyev demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.”**
Sədr bildirib ki, bu fikir vətənpərvərlik tərbiyəsinin təşkilində əsas metodoloji xətt hesab olunur:
Konseptual səciyyə daşıyan bu müdrik fikir bizim təlimatçı-məşqçilər üçün pedaqoji prosesdə vətənpərvərlik tərbiyəsinin aşılanmasının əsas metodoloji istiqamətidir. Deməli, vətənpərvərlik tərbiyəsinin formalaşmasında hamının birgə fəaliyyəti olmalıdır. Məktəbdə, ailədə və ictimaiyyətdə cəmiyyətin hər bir üzvü bu nəcib işdə şəxsi nümunə göstərməlidir.
Muğan Əliyev qeyd edib ki, uzun illərdir gənclərin hərbi-vətənpərvərlik hazırlığı ilə məşğul olur:
1990-cı ildən etibarən "Gənc Vətənpərvərlər" İctimai Birliyinin (o vaxt "Koroğlu" Cəmiyyəti adlanırdı) sədri kimi yeniyetmə və gənclərin çağırışaqədərki fiziki, psixoloji və ideoloji hazırlığı ilə məşğul oluram. Hərbi xidmətimi keçmiş SSRİ dövründə hərbi hissələrdən birində keçmişəm.
O vurğulayıb ki, hərbi təcrübəsini və biliklərini gənclərlə bölüşməyi özünə borc bilir:
Hazırda ehtiyatda olan kapitan rütbəli zabitəm. Bütün bunlarla yanaşı, QHT sədri olaraq peşəmi sevirəm. "Gənc Vətənpərvərlər" İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr çərçivəsində ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinə və tələbələrə vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində bilik və bacarıqlarımı, eləcə də təcrübəmi aşılamaqdan zövq alıram.
Sədr diqqətə çatdırıb ki, təşkilatın yetirmələrinin uğurları onun üçün böyük qürur mənbəyidir:
Təsadüfi deyil ki, çalışdığım "Gənc Vətənpərvərlər" İctimai Birliyinin üzvlərinin bir çoxu bu gün yüksək rütbəli zabitlərdir. Mən onların uğurlarından qürur duyuram. Birliyin keçirdiyi təlim və tədbirlərdə onların qazandıqları nailiyyətləri gənclərə örnək kimi təqdim edirəm.
Muğan Əliyevin sözlərinə görə, bütün tədbirlərdə vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir:
GVİB-nin keçirdiyi tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasına xüsusi diqqət yetirilir. Xüsusilə çağırışaqədərki hazırlıq sahəsində gənclərin məktəbdənkənar fiziki, psixoloji və ideoloji hazırlığı istiqamətində aparılan işlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, müasir dövrdə vətənpərvərlik daha da aktuallaşıb:
Vətənpərvərlik tərbiyəsi bəşər tarixi qədər qədim və hər zaman aktual olmuşdur. Qloballaşmanın genişləndiyi, elm, texnika və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə vətənin təhlükəsizliyinin təmin edilməsi və onun qorunması son dərəcə mühüm amildir.
Sədr qeyd edib ki, uşaqlarda vətənpərvərlik hissi erkən yaşlardan formalaşdırılmalıdır:
Məktəbəqədər yaşdan başlayaraq uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasına müəllim və tərbiyəçilər daim xüsusi diqqət yetirməlidirlər. Vətənpərvərlik yalnız Vətən uğrunda canından keçmək demək deyil. Bu barədə belə bir ifadə var: "Komandir əsgərdən soruşur: 'Sən Vətən üçün nə edə bilərsən?' Əsgər cavab verir: 'Mən Vətən üçün canımdan keçməyə hazıram.' Komandir isə deyir: 'Əsgər, Vətənə sənin ölümün yox, düşmənin məğlubiyyəti lazımdır. Əgər sən ölsən, Vətəni kim qoruyacaq?'"
Muğan Əliyev vurğulayıb ki, vətənpərvərlik çoxşaxəli və dərin məna daşıyan anlayışdır:
Vətənpərvərlik geniş anlayış olduğundan onu konkret ifadə etmək çətindir.
Onun sözlərinə görə, vətənpərvərlik hər kəsin öz vəzifəsini vicdanla yerinə yetirməsi ilə başlayır:
Sokrat vətənpərvərliyi hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə və vicdanla yerinə yetirməkdə görürdü. Vətənpərvərlik Vətənə olan ülvi məhəbbətdir.
Sədr bildirib ki, fəaliyyəti boyu gənclərə milli-mənəvi dəyərləri aşılamağa çalışır:
"Gənc Vətənpərvərlər" İctimai Birliyinin sədri və Şərq əlbəyaxa döyüş növləri üzrə Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi olaraq fəaliyyətimdə uşaq, yeniyetmə və gənclərə vətənpərvərlik, milli-mənəvi dəyərlər hissini aşılayıram və inanıram ki, bu ali duyğular onların zərərli vərdişlərdən uzaq durmalarına müsbət təsir göstərəcəkdir.
Muğan Əliyev qeyd edib ki, hərbi-idman oyunları şagirdlərin mənəvi inkişafında mühüm rol oynayır:
"Qartal balası", "Üfüqdə parıltı", "Şahin" hərbi-idman oyunları şagirdlərdə mənəvi keyfiyyətlərin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, Heydər Əliyevin milli-hərbi vətənpərvərlik konsepsiyası gənclərin milli şüurunun formalaşmasına xüsusi önəm verir:
Tarixi şəxsiyyət Heydər Əliyevin milli-hərbi vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi irəli sürülür. O, çıxışlarının birində qeyd edirdi:
"O vaxt Azərbaycan gəncləri, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var".
Sədr bildirib ki, nəzəri və praktik hazırlıqlar gənclərin hərbi biliklərinin möhkəmlənməsinə xidmət edir:
Gənclərin çağırışaqədərki hazırlığı üzrə keçirilən nəzəri və praktik məşğələlər onların zəruri biliklərə yiyələnməsində mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin "Atəş hazırlığı", "Sıra hazırlığı" və "Hərbi topoqrafiya" üzrə bilik və bacarıqlar əldə etmələri onların vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir.
Muğan Əliyev qeyd edib ki, tarixi hərbçilərin nümunəsi gənclərin vətənpərvərlik ruhunun güclənməsinə töhfə verir:
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərb tarixinə parlaq səhifələr yazmış Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, İbrahim Vəkilovun və İbrahim Usubovun misilsiz xidmətlərindən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə nümunələr gətirməklə şagirdlərin vətənpərvərlik tərbiyəsinin keyfiyyətcə yüksəlməsinə nail olmağa çalışıram.
Onun sözlərinə görə, vətənpərvərlik tərbiyəsi insanın əxlaqi keyfiyyətlərinin formalaşmasının vacib hissəsidir:
Azərbaycan mütəfəkkiri A.Bakıxanovun fikrincə, tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir və onunla bərabər dəyişir. Vətənpərvərlik tərbiyəsi əxlaq tərbiyəsinin tərkib hissəsi olub dostluq, yoldaşlıq, qarşılıqlı yardım, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, humanizm və təbiətə qayğı kimi keyfiyyətlərlə qarşılıqlı əlaqədə insan şəxsiyyətinin formalaşmasına təsir göstərir.
Sədr sonda vurğulayıb ki, dərsdənkənar məşğələlər gənclərin milli və bəşəri dəyərlər əsasında formalaşmasına mühüm töhfə verir:
QHT sədri olaraq fəaliyyətimdə dərsdənkənar məşğələlər zamanı idman zalında oğlan və qızların vətənpərvərlik, mənəvi, fiziki, psixoloji və ideoloji ruhda təmənnasız tərbiyə olunması istiqamətində inteqrasiyanın imkanlarından səmərəli istifadə edirəm. Belə olduqda gənclər milli və bəşəri dəyərlər əsasında vətənpərvərlik tərbiyəsinin mahiyyətini daha dərindən dərk edirlər.






