Samsung-un yaxın zamanda təqdim etdiyi Flex Titanium ekran texnologiyasının bütün yeni nəsil qatlana bilən telefonlarda istifadə edilməyəcəyi məlum olub. Yeni məlumata görə, bu yenilik yalnız Galaxy Z Fold 8 seriyasına məxsus olacaq.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Samsung Galaxy Z Fold 8 və Galaxy Z Fold 8 Ultra modellərini Flex Titanium ekran quruluşu ilə təchiz edəcək. Bu texnologiya ekranın dayanıqlığını artırır, eyni zamanda qatlanma izini nəzərəçarpacaq dərəcədə azaldır.
Bildirilir ki, Flex Titanium sistemində titan ərintisindən hazırlanmış xüsusi plyonka titan lövhə ilə birləşdirilir. Şirkətin məlumatına görə, bu material adi polimer plyonka ilə müqayisədə təxminən 20 dəfə yüksək mexaniki sərtliyə malikdir və ekran modulunun daha möhkəm konstruksiyasını təmin edir.
Lakin son məlumatlara əsasən, yeni nəsil qapaqlı qatlana bilən smartfon Galaxy Z Flip 8 bu texnologiyanı əldə etməyəcək. Bu isə xüsusilə Flip seriyasının istifadəçiləri üçün məyusedici ola bilər. Çünki bir çox istifadəçi məhz ekranın qatlanma yerində yaranan izin asanlıqla görünməsindən narazılıq edir.
Əgər bu məlumat təsdiqlənərsə, Samsung-un ən yeni ekran texnologiyası yalnız Fold seriyasında əlçatan olacaq, Flip modelində isə mövcud ekran həlli qorunub saxlanılacaq.






