Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" TikTok-un ölkədə uşaqları zərərli məzmundan qorumaq üçün qanunvericiliyin tələblərinə əməl edib-etmədiyini araşdırmağa başlayıb. Araşdırma çərçivəsində platformanın uşaqların təhlükəsizliyi ilə bağlı tətbiq etdiyi tədbirlər qiymətləndiriləcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, "Ofcom" TikTok-un istifadəçinin uşaq olub-olmadığını müəyyənləşdirmək üçün kifayət qədər tədbirlər görüb-görmədiyini, həmçinin uşaqların zərərli məzmuna çıxışının qarşısını almaq üçün effektiv sistemlər qurub-qurmadığını araşdıracaq. Tənzimləyici bildirib ki, araşdırmanın başlanması hələlik TikTok-un qanun pozuntusuna yol verdiyi anlamına gəlmir.

Qeyd edək ki, Böyük Britaniya hökuməti bir ay əvvəl 16 yaşdan kiçik istifadəçilərin sosial media platformalarından istifadəsinə ümumi qadağa tətbiq edib, eyni zamanda oyun və canlı yayım platformaları üçün də əlavə məhdudiyyətlər müəyyənləşdirib.

Ofcom may ayında yaydığı açıqlamada TikTok-un britaniyalı uşaqları zərərli onlayn məzmundan qorumaq üçün kifayət qədər konkret tədbirlər təqdim etmədiyini bildirmişdi. Məhz bu narahatlıqlar araşdırmanın başlanmasına səbəb olub.

TikTok isə ittihamları qəbul etmir. Şirkətin sözçüsü bildirib ki, platforma yaşa uyğun istifadə qaydalarını ciddi şəkildə tətbiq edir, müasir yaş müəyyənləşdirmə texnologiyalarından istifadə edir və Böyük Britaniyanın "Onlayn Təhlükəsizlik Aktı" üzrə öhdəliklərinə əməl etdiyinə əmindir. Şirkət araşdırma zamanı Ofcom ilə əməkdaşlıq edəcəyini də vurğulayıb.