2022-ci il iyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb. Onlara 138 nəfər səs verib.
 
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya keçirilən seçkilər ilə bağlı ictimai iştirakçılıq üzrə ekspert, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında bildirib ki, son bir ildə ictimai şuralar ilə bağlı aktivlik artsa da, problemlər qalmaqdadır. Bu problemlər ictimai şurlara keçirilən seçkilər və ictimai şuraların fəaliyyəti ilə bağlıdır. Konkret bu məsələ ilə bağlı isə həmin seçkilərdə qanunvericiliyin bəzi maddələri kobud sürətdə pozulub.
 
“Mingəçevir şəhər icra hakimiyyəti seçki ilə bağlı müəyyən demokratik görüntü yaratmaq istədi. Lakin təcrübəsizlik və özünə arxayınlıq onları bu vəziyyətə saldı. Mən təəssüf edirəm ki, bir çox mərkəzi icra hakimiyyəti orqanlarında və icra hakimiyyətlərində çalışan hüquqşünaslar qanunları düzgün dərk edə bilmirlər. Bir çox problem də bu səbəbdən yaranır. Əslində Mingəçevirdə seçki üçün demokratik mühit və mübarizə imkanı yaradıldı. Lakin bir çox məqamlar süni görüntü idi. Son bir neçə ayda rəsmi qurumlar tərəfindən icra hakimiyyəti yanında ictimai şuralar ilə bağlı ciddi və sərt tənqidlər oldu. Mingəçevir şəhər icra hakimiyyəti yaranmış vəziyyətdə nümunə olmaq istədi. Amma ...
 
 
Seçki komissiyasının qalib elan etdiyi adlar siyahısında tanımış və bu işə töhfə verə biləcək VCT nümayəndələri var. Həmin həmkarlarımı təbrik edirəm. Lakin qanunun aliliyi hər bir məsələdən öndə gəlməlidir. Mingəçevirdə isə ictimai şuraya seçkilər qanunun bir çox maddələrinin pozulması ilə baş tutdu.
 
 
 
Pozuntu 1.
 
Mingəçevir şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir ki, “Komissiyanın qərarı ilə müəyyənləşdirilmiş 13 namizəd və hər namizədin 10 nəfər təmsilçilərindən ibarət cəmi 138 nəfər seçkilərə daxil olunmuşdur.” Qanunvericilikdə hər namizədin bərabər sayda nümayəndəsi deyil, “vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən” söhbət gedir.
 
 
 
İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair ƏSASNAMƏ
 
“3.1. Namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçilir.”
 
Göründüyü kimi Seçki komissiyası namizədlərin hər birinə tapşırıb ki, özünüz ilə 10 nəfər seçici gətirin. Bizdə olan məlumata görə namizədin hər biri 10 nəfərin siyahısı seçki komissiyasına təqdim edib.
 
Pozuntu 2.
 
Həmçinin qanunvericiliyə görə “İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçirilir (Əsasnamə 2.17). Eyni zamanda “Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər (Əsasnamə 3.2.).
 
Bu 2 qaydaya görə namizədlərin siyahısı təsdiq olunduqdan sonra səsvermədə iştirak etmək üçün minimum 2 gün ayrılsa belə, namizədlərin elan olunması ilə seçki gününü ən azı 12 gün ayrılmalıdır.
 
Lakin icra hakimiyyətinin Seçki komissiyasının 14.07.2022-ci il tarixli iclasında 13 nəfərin namizədliyi təsdiq edir və Seçki gününü 2 gün sonraya 16 iyul 2022-ci il tarixə təyin edir.
 
Pozuntu 3.
 
Mingəçevir şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunur ki, seçkidə 138 nəfər seçici qismində iştirak edib.
 
İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair ƏSASNAMƏsinin 3.9. maddəsində görə “Birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunurlar.”
 
Mövcud seçici sayına (138) görə 70 səs toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunmalı idi.
 
 
mi-news.az saytına istinad etsək həmin səsi yanlız aşağıda qeyd etdiyimiz 3 namizəd toplayıb.
 
 
 
1. Babayev Əbülfət Musa - “Qarabağ Qaziləri” İB-nin şəhər filialının sədr müavini – 86 səs
2. Nəbiyev Fərman Bəhram - “Mingəçevir işıqları” qəzetinin baş redaktoru – 81 səs
3. Nəbiyeva Yeganə Əkrəm - “Valideynlər Assosiasiyası” İB-nin üzvü – 72 səs
 
 
 
Digər 6 namizəd isə 50+1 baryerini aşmamasına baxmayaraq Seçki Komissiyası tərəfindən qanunvericilik kobud formada pozularaq ictimai şuraya seçildiyi haqqında protokol tərtib edilib.
 
 
4. Şirinov İnqilab Xosrov - “Kanal-32” Media şəbəkəsinin baş direktoru – 58 səs
5. Həsənov Vaqif Yaqub - “Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nin sədri – 54 səs
6. Bəndəliyev Əliağa Bəndalı - “QMVƏŞA” İB şəhər şöbəsinin sədri – 52 səs
7. Mikayıllı Rizvan Aslan - “Şəhər Veteranları Şurası” sədr müavini – 45 səs
8. Qasımlı Zahid Allahverən - “İqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nin sədr müavini – 38 səs
9. Tağıyeva Vüsalə Vahid - “Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İB-nin üzvü – 38 səs
 
 
 
Qeyd edək ki, seçki komissiyasının sədri Mingəçevir şəhər İcra Hakimiyyəti Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimovdur.
 
 
 
Qanunvericiliyə görə seçki komissiyası 3 gün müddətinə təkrar seçki keçirməli idi. “İctimai şuraya seçilmək üçün yetərli səs toplamış namizədlərin sayı fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddindən az olduqda, üç gün müddətində boş qalan yerlər üçün təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilir. Təkrar seçkilər zamanı ən çox səs toplamış namizədlər boş qalmış yerlərə seçilmiş hesab olunurlar. (Əsasnamə 3.10.)
 
Çox təəssüf ki, qanunvericilik pozulsa da buna görə heç kim məsuliyyət daşımır və qanunun bərpası həyata keçirilmir. yaxşı olardı ki, nəticələr ləğv olunsun və ictimai şura yenidən formalaşdırılsın. Ümumilkdə hesab edirəm ki, ictimai şuralara seçkilərin keçirilməsi üçün mexanizm hazırlanmalı və nəzarət gücləndirilməlidir.”