Milli QHT Forumunun ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrayil İsgəndərov və Günel Səfərova ilə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvlərinin görüşü keçirilib.

 

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumundan  QHT.az-a bildiriblər ki, görüşdə Azərbaycan MQF-nin prezidenti Rauf Zeyni Azərbaycan Milli QHT Forumunun son illərdə fəaliyyəti və üzləşdikləri problemlər barəsində qısa məlumat verib.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayil İsgəndərov agentliyin fəaliyyəti, vətəndaş cəmiyyətinin strateji inkişaf proqramı, MQF-nin təkmilləşdirilməsi və inkişafı haqqında görüş iştirakçılarına bəzi məlumatlar verib. Daha sonra, İdarə Heyətinin üzvləri Qorxmaz İbrahimli, Umud Rəhimoğlu, İradə Rizazadə, İlham İsmayılov, Eyyub Hüseynov, Mehdi Mehdiyev, Mahirə Əmirhüseynova Azərbaycan Milli QHT Forumunun strukturunun yenilənməsi və təkmilləşdirilməsi, fəaliyyətinin gücləndirilməsi, qurultayın keçirilməsi və beynəlxalq standartlara əsasən vətəndaş cəmiyyətinin quruculuğunda iştirakının təmin edilməsi məsələləri müzakirə ediblər və bir sıra təkliflər irəli sürülüb. Bununla yanaşı, Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən vətəndaş cəmiyyətinin quruculuğunun təkmilləşdirilməsi, agentliyin qrant siyasəti, dövlət-QHT münasibətlərinin inkişafı, QHT evinin yaradılması, beynəlxalq əməkdaşlığın bərpa edilməsi və bir sıra digər məsələlər müzakirə edilib.

 

Sonda Agentliyin nümayəndələri və görüş iştirakçıları bu cür görüş və müzakirələrin davamlı şəkildə keçirilməsinin vətəndaş cəmiyyətinin inkişafı üçün faydalı olacağını bildiriblər.