Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin çəkilməsi ilə bağlı növbəti dəfə ümidverici açıqlama verilib. Bildirilir ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni xəttin inşası planlaşdırılır. Ancaq bu cür vədlər illərdir səslənsə də, layihələrin əksəriyyəti üzrə konkret icra və açılış tarixləri hələ də məlum deyil. Xüsusilə hər gün paytaxta gedib-gələn minlərlə Xırdalan sakini uzun illərdir metro xəttinin yaşadıqları əraziyə qədər uzadılmasını səbirsizliklə gözləyir.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev QHT.az-a açıqlamasında bildirib ki, bu layihələrin gecikməsinin əsas səbəbi maliyyə və texniki mürəkkəblikdir:
" Metro tikintisi adi yol layihəsi deyil. Xüsusilə Bakı kimi sıx məskunlaşmış şəhərdə tunellərin qazılması, geoloji tədqiqatların aparılması, yeraltı kommunikasiya xətlərinin köçürülməsi, stansiyaların layihələndirilməsi və maliyyələşdirilməsi uzun illər tələb edir. Bundan əlavə, son illərdə dövlətin nəqliyyat sahəsinə ayırdığı investisiyaların bir hissəsinin Abşeron dairəvi dəmir yolunun inkişafına, yeni avtomobil yollarının, yol qovşaqlarının və avtobus infrastrukturunun yaxşılaşdırılmasına yönəldilməsi də bəzi metro layihələrinin icra müddətinə təsir göstərib. Sumqayıt və Xırdalan istiqamətində metro xəttinin nəzərdə tutulması strateji baxımdan düzgün qərardır. Çünki hər gün on minlərlə insan bu istiqamətlərdən Bakıya işləməyə və təhsil almağa gəlir. Xüsusilə Xırdalan artıq faktiki olaraq Bakının davamı hesab olunur və mövcud avtomobil yolları pik saatlarda yüksək yüklənir".
Ekspertin sözlərinə görə, metro bu yükün əhəmiyyətli hissəsini öz üzərinə götürə, tıxacları azalda və ictimai nəqliyyatın cəlbediciliyini artıra bilər:
",Bununla belə, hazırda bu istiqamətlər üzrə tikinti və istismara verilmə tarixi rəsmi şəkildə açıqlanmayıb. Mövcud planlar göstərir ki, metro şəbəkəsinin genişləndirilməsi mərhələli şəkildə həyata keçiriləcək və bəzi xətlərin reallaşması 2030-cu illərə, digərlərinin isə daha sonrakı dövrə təsadüf edə bilər. Bu baxımdan Sumqayıt və Xırdalan istiqamətində metro xəttinin yaxın 1–2 il ərzində istifadəyə veriləcəyini gözləmək real görünmür. Mən hesab edirəm ki, bu müddətdə ən səmərəli yanaşma metro tikintisi ilə paralel olaraq alternativ relsli nəqliyyatın inkişaf etdirilməsidir. Hazırda Xırdalan və Sumqayıtı Bakı ilə birləşdirən Abşeron dairəvi dəmir yolu fəaliyyət göstərir. Onun hərəkət intervalının azaldılması, yeni dayanacaqların yaradılması, metro və avtobus marşrutları ilə vahid inteqrasiya sisteminin qurulması qısa müddətdə daha çox sərnişinə xidmət göstərə və metro layihələri başa çatana qədər nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Ümumilikdə, Sumqayıt və Xırdalan istiqamətində metro xəttinin çəkilməsi nəqliyyat baxımından zəruri layihədir. Lakin bu kimi iri infrastruktur layihələrinin uğurla həyata keçirilməsi üçün sabit maliyyələşmənin təmin edilməsi, mərhələli tikinti planının hazırlanması və ictimaiyyətə real icra qrafikinin təqdim olunması vacibdir. Bu yanaşma həm vətəndaşların gözləntilərinin düzgün formalaşmasına, həm də layihələrin icrasına ictimai etimadın artmasına xidmət edəcək".
Fatimə Məmmədova






