Ötən gün İran AzTV-ni "İrana düşmən media qurumları" siyahısına daxil etdiyini açıqlayıb. Buna cavab olaraq Azərbaycan Medianın İnkişafı Agentliyi bu addımı təəccüblə qarşıladığını bəyan edib və qarşılıqlılıq prinsipinə əsasən xarici jurnalistlərə tətbiq olunan məhdudiyyətlərin Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilə biləcəyini vurğulayıb.

 Qurum eyni zamanda Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərdiyi bildirilən İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin ölkədə fəaliyyətini qanunsuz elan edib. AzTV-nin sədri Röşən Məmmədov isə bildirib ki, telekanal İrana qarşı dezinformasiya aparmır, yalnız Azərbaycan əleyhinə yayılan məlumatlara faktlara əsaslanan cavab verir. Onun sözlərinə görə, AzTV bundan sonra da ölkəyə qarşı yönələn informasiya hücumlarına adekvat cavab verməyə davam edəcək. Qeyd edək ki, baş verən hadisə təkcə media müstəvisində deyil,Azərbaycan-İran münasibətlərinin siyasi aspektində də müzakirələrə səbəb olub.

Milli Məclisin deputatı Elnarə Akimova məsələ ilə bağlı QHT.az-a danışıb:

"İranın dövlət televiziya orqanları və təhlükəsizlik strukturlarının Azərbaycanın dövlət televiziya kanalını "İrana düşmən media qurumları" siyahısına daxil etməsi, media nümayəndələrini hədəfə alan ittihamlar səsləndirməsi qətiyyən qəbulolunan deyil. Bu cür yanaşma nə söz və ifadə azadlığı prinsiplərinə, nə də dövlətlər arasında qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə uyğundur. Azərbaycan hər zaman söz və media azadlığının, jurnalistlərin təhlükəsiz fəaliyyətinin və peşə müstəqilliyinin tərəfdarı olub. Hər hansı media qurumunu siyasi mövqeyinə görə "düşmən" elan etmək, jurnalistləri təhdid etmək və onları hədəfə çevirmək beynəlxalq hüququn, demokratik dəyərlərin və peşə etikası normalarının kobud şəkildə pozulmasıdır. Media üzərində təzyiq və qorxu mühiti yaratmaq cəhdləri heç vaxt sağlam informasiya məkanının formalaşmasına xidmət etmir. Azərbaycanın mövqeyi bu məsələdə aydındır və dəyişməzdir. Dövlətimiz informasiya təhlükəsizliyini, milli maraqlarını və jurnalistlərin hüquqlarını qorumaq əzmindədir. Azərbaycan mediasına qarşı aparılan qarayaxma kampaniyaları, əsassız ittihamlar və təhdid dili ölkəmizin informasiya siyasətinə təsir göstərə bilməz. Əksinə, bu cür addımlar onları həyata keçirənlərin söz və media azadlığına münasibətini açıq şəkildə nümayiş etdirir".


Deputatın sözlərinə görə, Azərbaycan diplomatik münasibətlərdə qarşılıqlı hörmət prinsipinə sadiqdir:

"Lakin bu, ölkəmizin media qurumlarına və jurnalistlərinə qarşı yönələn təzyiq cəhdlərinə səssiz qalacağı anlamına gəlmir. Milli maraqlarımıza qarşı atılan hər bir addım hüquqi, diplomatik və informasiya müstəvisində prinsipial və adekvat cavabını alacaq. Qarşılıqlılıq prinsipi beynəlxalq münasibətlərin fundamental qaydalarından biridir və Azərbaycan bu prinsipin təmin olunmasını tam qanuni hesab edir.
İran tərəfi anlamalıdır ki, Azərbaycan mediasını hədəfə almaqla nə ölkəmizin mövqeyini dəyişmək, nə də informasiya siyasətinə təsir göstərmək mümkündür. AzTV Azərbaycanın dövlət televiziya kanalı kimi milli maraqları, dövlət siyasətini və cəmiyyətin informasiya təminatını həyata keçirən mühüm media institutudur. Onun fəaliyyətinə kənardan siyasi damğa vurmaq və ya təzyiq göstərmək cəhdləri nəticəsiz qalacaq.
Bu gün regionun ehtiyacı media üzərindən qarşıdurma yaratmaq deyil, qarşılıqlı etimadı möhkəmləndirməkdir. İnformasiya müharibəsi ritorikası nə ikitərəfli münasibətlərə, nə də regional sabitliyə xidmət edir. Dövlət mediasını və jurnalistləri hədəfə almaq əvəzinə, beynəlxalq hüququn və peşə etikası prinsiplərinin tələblərinə əməl etmək daha düzgün yanaşmadır.
Azərbaycan güclü dövlətdir və öz informasiya məkanını, milli maraqlarını və media subyektlərini qorumaq üçün kifayət qədər siyasi iradəyə və institusional imkanlara malikdir. Ölkəmizə qarşı yönələn istənilən əsassız ittiham, təzyiq və təhdid cəhdi qətiyyətlə rədd edilir və bundan sonra da eyni prinsipial mövqe davam etdiriləcək".

Fatimə Məmmədova