Africa–Azerbaijan Cooperation (AFAZ) Qarabağ iqtisadi rayonuna işgüzar səfər edərək bölgədə fəaliyyət göstərən istehsal müəssisələrinin ixrac potensialını qiymətləndirib. Səfərin əsas məqsədi “Made in Karabagh” brendi altında istehsal olunan məhsulların Afrika bazarına çıxış imkanlarını genişləndirmək və yerli istehsalçılarla əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.
QHT.az xəbər verir ki, səfərdə AFAZ Cooperation-un təsisçisi Rəna Qəfərova və İdarə Heyətinin üzvü Lamiyə Xəlilova iştirak ediblər. Görüşlər zamanı Afrika ölkələrinin bazar tələbləri, məhsul standartları, sertifikatlaşdırma, ixrac prosedurları, logistika imkanları və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti ilk olaraq Ağdam Sənaye Parkında fəaliyyət göstərən rezident müəssisələrin istehsal prosesi ilə yaxından tanış olub. Qeyd edilib ki, Prezidentin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı işğaldan azad olunmuş ərazilərdə qeyri-neft sənayesinin inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Səfər çərçivəsində AFAZ nümayəndələri “Accurate Az” MMC, “Qarabağ Tekstil Evi” MMC, BAFCO Invest MMC, “Tabaterra” MMC, “Eel Electric” MMC, Mister Decor və “GP Safety” MMC-də olub, müəssisələrin istehsal gücü, məhsul çeşidləri və ixrac imkanları ilə tanış olublar.
Görüşlərdə məhsulların Afrika bazarına çıxarılması perspektivləri, beynəlxalq sertifikatlaşdırma, distribütor şəbəkələrinin yaradılması, logistik həllər və gələcək biznes missiyalarının təşkili məsələləri geniş müzakirə edilib.
AFAZ Cooperation-un təsisçisi Rəna Qəfərova bildirib ki, Qarabağda qısa müddətdə yaradılan müasir istehsal müəssisələri beynəlxalq bazarlarda rəqabət apara biləcək keyfiyyətli məhsullar istehsal edir.
Onun sözlərinə görə, təşkilatın əsas məqsədi bu məhsulları Afrika bazarında tanıtmaq, etibarlı tərəfdaşlarla əməkdaşlıq qurmaq və “Made in Karabagh” brendinin Afrika ölkələrində tanınmasına dəstək verməkdir.
Bildirilib ki, AFAZ Cooperation yaxın aylarda Afrika ölkələrindən idxalçıların, distribütorların və investorların iştirakı ilə Qarabağ istehsalçıları üçün B2B biznes görüşləri, ixrac missiyaları, təqdimatlar və biznes forumları təşkil etməyi planlaşdırır. Təşkilat hesab edir ki, bu təşəbbüs Qarabağ istehsalı məhsullarının beynəlxalq bazarlarda tanıdılmasına, ixrac imkanlarının genişlənməsinə və Azərbaycanın qeyri-neft ixracının artırılmasına mühüm töhfə verəcək.






