ABŞ-ın Meta Platforms şirkəti sosial şəbəkə platforması Instagramın yeniyetmələrdə asılılıq yaratmaq üçün dizayn edildiyi iddiaları ilə bağlı Tennessi ştatında məhkəmə qarşısına çıxacaq. İyulun 21-də başlayacaq prosesin təxminən yeddi həftə davam edəcəyi gözlənilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Tennessi Baş Prokurorluğu Meta-nı ştatın istehlakçıların müdafiəsi haqqında qanununu pozmaqda ittiham edir. İddiaya əsasən, şirkət yeniyetmələri platformadan həddindən artıq istifadə etməyə sövq edən funksiyaları bilərəkdən hazırlayıb və Instagram-ın təhlükəsizliyi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırıb.
Məhkəmə iddiasında bildirilir ki, Meta şirkəti yeniyetmələrin psixi sağlamlığına mənfi təsirləri göstərən daxili araşdırmalar barədə məlumatlı olsa da, bu riskləri istifadəçilərə açıqlamayıb və təhlükəli hesab edilən funksiyaları platformada saxlamaqda davam edib.
Ştat rəhbərliyi iddia edir ki, Meta-nın təsisçisi və baş icraçı direktoru Mark Zukerberq də şirkət əməkdaşları tərəfindən aparılan araşdırmaların nəticələri barədə dəfələrlə məlumatlandırılıb. Bununla belə, iddiaya görə, yeniyetmələr üçün risklərin azaldılması istiqamətində kifayət qədər tədbirlər görülməyib və platformadakı zərərli məzmunun həcmi ilə bağlı ictimaiyyətə yanlış açıqlamalar verilib.
Tennessi Baş Prokurorluğu məhkəmədən Meta-ya maliyyə sanksiyalarının tətbiq edilməsini, eləcə də Instagram platformasında yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərdiyi iddia olunan bəzi funksiyaların dəyişdirilməsini tələb edir. Bunlara avtomatik video oynatma (autoplay), Reels videoları, bildiriş sistemi və müəyyən vaxtdan sonra məzmunun yoxa çıxmasına səbəb olan funksiyalar daxildir.
Meta isə ittihamları qəbul etmir. Şirkətin nümayəndəsi bildirib ki, Instagram-da sosial şəbəkədən istifadə edən yüz minlərlə Tennessi ştatlı yeniyetmənin təhlükəsizliyini təmin etmək üçün valideyn nəzarəti və digər qoruyucu alətlər artıq tətbiq olunur.
Bu məhkəmə Meta-ya qarşı ABŞ-ın müxtəlif ştatlarında açılmış oxşar iddialardan biridir. Bu ilin əvvəlində Nyu-Meksiko ştatında keçirilən analoji məhkəmə prosesində münsiflər heyəti ştatın xeyrinə 375 milyon dollar məbləğində təzminat ödənilməsi barədə qərar çıxarmışdı.






