Fransa Parlamentinin barışdırıcı komitəsi 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsi ölkədə uşaqların rəqəmsal təhlükəsizliyini artırmaq və onların internetdə zərərli məzmunun təsirindən qorunmasını təmin etmək məqsədi daşıyır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makron bu qadağanın yeni tədris ilinin başlanğıcına – sentyabr ayının əvvəlinə qədər qüvvəyə minməsini istəyir. Qanun qəbul edilərsə, Fransa bu sahədə Avstraliyadan sonra belə addım atan ölkələrdən biri olacaq. Avstraliya ötən ilin dekabr ayında 16 yaşdan kiçik şəxslərin Facebook, Snapchat, TikTok və YouTube kimi sosial platformalardan istifadəsini məhdudlaşdıran qanun qəbul etmişdi.

Məlumata görə, Emmanuel Makron bu təşəbbüsün Avropa İttifaqı ölkələrində də tətbiq olunmasını dəstəkləyir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ideyasını dəstəklədiyini bildirib.

Barışdırıcı komitənin razılaşdırdığı qanun layihəsi əvvəlcə Fransa Milli Assambleyasında, daha sonra isə Senatda müzakirəyə çıxarılacaq. Sənəd qəbul ediləcəyi təqdirdə, ölkənin informasiya texnologiyaları naziri 15 yaşdan kiçik uşaqlar üçün qadağan olunacaq sosial şəbəkələrin siyahısını müəyyən edəcək.

Qanun layihəsinə əsasən, sosial media platformaları istifadəçilərin yaşını yoxlamaq üçün Fransa Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən təsdiqlənmiş etibarlı yaş yoxlama sistemləri tətbiq etməli olacaqlar. Bu sistemlər vasitəsilə azyaşlıların qadağan olunan platformalara girişinin qarşısının alınması nəzərdə tutulur.

Bundan əlavə, qanun layihəsində orta məktəbin yuxarı siniflərində də smartfonlardan istifadənin qadağan edilməsi təklif olunur. Fransa hökuməti hesab edir ki, bu tədbirlər şagirdlərin diqqətinin dərsə yönəlməsinə və onların psixoloji rifahının qorunmasına müsbət təsir göstərəcək.