ABŞ-ın dörd ştatı sosial media nəhəngi Meta Platforms-a qarşı qaldırılan iddia çərçivəsində ümumilikdə 1,4 trilyon dollar məbləğində cərimə tələb edir. Bu barədə şirkətin məhkəməyə təqdim etdiyi sənədlərə istinadən Reuters xəbər yayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, işə bu ilin avqustunda Oakland şəhərində baxılacaq. İddiada California, Colorado, Kentucky və New Jersey şirkəti Facebook və Instagram platformalarını yeniyetmələrdə asılılıq yaradacaq şəkildə dizayn etməkdə və onların təhlükəsizliyi barədə ictimaiyyəti çaşdırmaqda ittiham edirlər.
Meta məhkəməyə təqdim etdiyi cavabda tələb olunan 1,4 trilyon dollarlıq cərimənin hüquqi və faktiki əsasının olmadığını bildirib. Şirkət qeyd edib ki, belə miqyasda istehlakçı hüquqlarının müdafiəsi üzrə sanksiyanın analoqu indiyədək mövcud olmayıb.
Ştatların məhkəməyə təqdim etdiyi hesablamalar məxfi saxlanılsa da, iyun ayında keçirilən dinləmədə prokurorlar cərimənin ştat qanunlarında nəzərdə tutulan məbləğlərin ehtimal olunan pozuntu sayına vurulması yolu ilə müəyyən edildiyini bildiriblər. Pozuntuların sayı isə Meta-nın fəaliyyətindən təsirləndiyi ehtimal edilən yeniyetmə və gənc istifadəçilərin sayına əsaslanır.
Bundan əlavə, ABŞ-ın ümumilikdə 29 ştatı Meta-ya qarşı federal məhkəmədə iddia qaldırıb. Onların əksəriyyəti şirkəti valideyn razılığı olmadan uşaqların məlumatlarını toplamaqla Children’s Online Privacy Protection Act (COPPA)-nı pozmaqda ittiham edir.
Meta isə ittihamları rədd edərək bildirir ki, “sosial media asılılığı” tibbi cəhətdən qəbul olunmuş psixiatrik diaqnoz deyil və buna görə platformalarının asılılıq yaratmadığı barədə açıqlamaları yanlış hesab edilə bilməz.
Ötən ay işi aparan hakim Yvonne Gonzalez Rogers Meta-nın məhkəmənin ləğvi ilə bağlı vəsatətini rədd edib. Hakim bildirib ki, platformaların asılılıq yaradıb-yaratmaması, Meta-nın bu barədə ictimaiyyəti aldadıb-aldatmaması və xidmətlərini qismən uşaqları hədəfləyəcək şəkildə hazırlayıb-hazırlamaması ilə bağlı hələ də həll olunmalı faktiki mübahisələr mövcuddur.
İddia yalnız Meta ilə məhdudlaşmır. Snap Inc., Alphabet Inc. və ByteDance də uşaqlar və yeniyetmələr arasında asılılıq yaradan xüsusiyyətlər hazırlamaq və bunun psixi sağlamlığa mənfi təsirləri ilə bağlı minlərlə oxşar məhkəmə iddiası ilə üzləşirlər.












