“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığı qurbanı olan qadınlarla iş” adlı layihə çərçivəsində 18 sentyabr 2026-cı il tarixində Sabirabad rayonunda növbəti maarifləndirici seminar keçirib.
QHT.az xəbər verir ki, seminar Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Səbinə Əliyevanın iştirakı ilə adıçəkilən mərkəzdə keçirilib. Səbinə İmanova seminarda çıxış edərək mövzuyla bağlı rayondakı vəziyyət haqqında fikirlərini söyləyib.
Layihənin əsas məqsədi münaqişəli ailələrin müəyyənləşdirilməsi, həmin ailələrdə yaşayan yeniyetmə qızlara və qadınlara qarşı məişət zorakılığının başvermə səbəblərinin, eləcə də bunun doğurduğu problemlərin araşdırılması olduğundan ilk növbədə münaqişəli ailələrdə yaşayan və məişət zorakılığının qurbanına çevrilmiş yeniyetmə qızlar və qadınlar arasında anonim fərdi müsahibələr və sorğular keçirilib. Sorğu və fərdi müsahibələr zamanı münaqişəli ailələrin yaşadıqları icmalarda ictimai qınaqla üzləşib-üzləşmədikləri, məişət zorakılığı törədən şəxslərin aqressiv davranışlarının səbəbləri, onların ailə üzvlərinə, xüsusilə yeniyetmə qızlara və qadınlara münasibəti, eləcə də ailə qarşısında məsuliyyət hissinin səviyyəsi öyrənilib.
Seminarda 35 nəfər qadın iştirak edib ki, onlarən əksəriyyəti müxtəlif yaş dövrlərində fiziki, psixoloji və iqtisadi zorakılığa məruz qalıblar. Anonimlik qorunmaqla həmin qadınlarla fərdi söhbətlər aparıldı. Seminarda layihə rəhbəri Nailə İsmayılova və layihə üzrə hüquqşünas Fariz Əkbərov qadınların soxsaylı sualların cavablandırıblar. Onu da qeyd etmək lazımdır ki, sual-cavab zamanı duyğulu anlar yaşanıb.
Seminar zamanı layihə iştirakçılarına bukletlər və qeydiyyat aparmaq üçün dəftərxana ləvazimatları paylanılıb. Sonda çay süfrəsi arxasında məişət zorakılığına məruz qalan qadınlarla fərdi söhbətlər aparılıb.
Layihə üzrə növbəti seminarlar Yevlax rayonunda və Mingəçevir şəhərində keçiriləcək.






