Bu gün Hüquq və İnsan Haqları İnstitutunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbiri baş tutdu. Tədbirdə millət vəkilləri, alimlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
QHT.az xəbər verir ki, tədbirin açılışında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək, layihənin əhəmiyyətindən və informasiya mübarizəsində Azərbaycanın uğurlarından danışdı. O, layihəni dəstəkləyən Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və bu təşəbbüslə çıxış edən Cəsarət Hüseynzadəyə təşəkkürünü bildirdi. M. Quluzadə qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya mübarizəsində əvvəllər geri qalsaq da, alimlərimizin və ictimai fəalların fəaliyyəti sayəsində bu sahədə indi vəziyyət yaxşılaşıb.
Məhəmməd Quluzadə çıxışında Qərbi Azərbaycan icmasının münaqişənin həllində rolunu xüsusi qeyd etdi və bu istiqamətdə aparılan işlərə dəstək göstərilməsinin vacibliyini vurğuladı. O, həmçinin beynəlxalq hüququn Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyini və bu sahədə birgə səylərin davam etdirilməli olduğunu bildirdi.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış film nümayiş etdirildi və mövzu ətrafında geniş müzakirələr aparıldı.
Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.
Pərvanə Fərhadqızı
QHT.az










