Dövlət Miqrasiya Xidmətində “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzusunda seminar təşkil olunub. Tədbir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində baş tutub.
QHT.az xəbər verir ki, seminara müxtəlif dövlət orqanlarının, miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, özəl sektor nümayəndələrinin və miqrant icmalarının təmsilçiləri qatılıb.
Tədbiri açan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, xidmətin miqrasiya sahəsində həyata keçirdiyi dövlət siyasətinin müxtəlif aspektləri haqqında iştirakçılara məlumat verib. O, effektli miqrasiya idarəçiliyi məqsədilə maraqlı tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin, V.Qəhrəmanov BMT-nin Miqrasiya üzrə Qlobal Paktı və digər beynəlxalq sənədlər haqqında da məlumat verib.
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, vətəndaş cəmiyyəti institutlarının miqrasiya sahəsindəki rolunu vurğulayaraq, dövlət qurumları ilə QHT-lər arasında konstruktiv dialoqun əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, qloballaşan dünyada miqrasiya proseslərinin dinamikliyini önə çəkərək, layihənin icrasının nəticələrini təqdim edib. O, miqrant axınlarının ildən-ilə artdığını və bu fenomenin effektiv strategiyalar tələb etdiyini bildirib.
Tədbirdə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov, uzun müddət ölkədə yaşayan Əli Şükri və “İnjuria” jurnalının Redaksiya Şurasının üzvü Hikmət Babayev, maliyyə, təhsil və səhiyyə sahələrində miqrantların müraciətlərindən danışıb. Onlar, Azərbaycanda miqrasiya qanunvericiliyi bazasının zəngin olduğunu və bu sahədə təkmilləşdirmələrin davam etdirildiyini qeyd ediblər.
Seminar iştirakçıların suallarını cavablandırmaqla başa çatıb.










