Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində yeni yaradılan sayt haqqında dəyərli fikirlərini bölüşərək, təşəbbüsü dəstəklədiyini vurğulayıb. O bildirib ki, bu layihə həm yerli, həm də beynəlxalq tədqiqatçılar üçün mühüm resurs olacaqdır. Nuriyevin sözlərinə görə, resursun ingilis dilində mövcud olması beynəlxalq ekspertlərin də məlumatları əldə etməsinə geniş imkan yaradacaq.

QHT.az xəbər verir ki, Əliməmməd Nuriyev layihənin mədəni irsin qorunmasında əhəmiyyətini qeyd edərək, resursun Azərbaycanın zəngin tarixi və mədəniyyətinin dünyaya tanıdılmasında mühüm rol oynayacağını vurğulayıb: "Tədqiqatçılar üçün məlumatların əlifba sırasına görə sistemləşdirilməsi, abidələrin yerləşmə əraziləri ilə tanış olmaq imkanı olduqca qiymətlidir. Bu resurs etibarlı mənbələrə və elmi əsaslara söykənir ki, bu da dezinformasiyaya qarşı mühüm vasitələrdən biridir."

Hüquqşünas dezinformasiyaya qarşı mübarizədə İctimai Şuranın əhəmiyyətinə də diqqət çəkib. O, qeyd edib ki, gənclər öz tariximizi öyrənmək imkanı əldə edəcəklər və bu resurs həm də beynəlxalq ictimaiyyətdə Azərbaycanın mədəni irsini tanıtmaqda mühüm rol oynayacaqdır. O, təkliflərində qeyd edib ki, layihəyə yeni mədəni irs obyektlərinin daxil edilməsi vacibdir. "Qərbi Azərbaycanda zəngin tarixi və mədəni irsimiz var. Bu irsin simvollarından olan Təpəbaşı Məscidi və Əmir Səid türbəsi kimi abidələrin oxşarlarını Xankəndi və Xocalıda bərpa etməklə, həm tarixi irsimizi yaşada, həm də bölgəyə gələn qonaqlar üçün cəlbedici məkanlar yarada bilərik," – deyə o bildirib.

O, həmçinin bu istiqamətdə muzeylərin yaradılmasının vacibliyini vurğulayıb. "Qərbi Azərbaycanın mədəni irsini əks etdirən muzeyin mövcudluğu çox əhəmiyyətli olar. Bu, həm də xarici qonaqlar üçün mədəni irsimizi tanıtmaqda mühüm vasitə ola bilər."

Əliməmməd Nuriyev əlavə edib ki, bu kimi layihələrdə yalnız dövlət dəstəyi deyil, özəl sektorun da iştirak etməsi vacibdir: "Özəl sektor bu sahədə layihələrə dəstək verərək, mədəni irsin qorunması və tanıdılmasında mühüm rol oynaya bilər."

O, layihənin uğurla tamamlanmasının və gələcəkdə bu istiqamətdə olan layihələrin maliyyələşdirilməsinə daha geniş imkanlar açacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

 

Pərvanə Fərhadqızı