Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində Qərbi Azərbaycan mövzusunda mühüm açıqlamalar verib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinin fundamental tədqiqi ilə bağlı tapşırığını xatırladan Ə.Vəliyev, Azərbaycan alimlərinin bu istiqamətdə ciddi tədqiqatlara başladığını bildirib. O qeyd edib ki, onun rəhbərliyi altında 600-ə yaxın abidə sənədləşdirilərək təqdim olunub və bu layihə çərçivəsində saytda 203 abidə yayımlanıb.

QHT.az xəbər verir ki, Əfqan Vəliyev maddi mədəni irsin əhəmiyyətindən bəhs edərək, Qərbi Azərbaycan abidələrinin tariximizin mühüm bir sübutu olduğunu vurğulayıb: “Maddi mədəni irs nümunələri bir millətin kimlik pasportudur və onun mənşəyini dəyişdirmək mümkün deyil. Bizim tədqiq etdiyimiz abidələr eramızın ikinci yüz ilindən etibarən o torpaqlarda mövcud olduğumuzu sübut edir.”

Ermənilərin Azərbaycanın mədəni irsinə təzyiqlərini də qeyd edən Ə.Vəliyev, onların təhrif etmək istədiyi 90-a yaxın abidənin təqdim olunmasının vacibliyini vurğulayıb. O, bu sahədə Cəsarət Hüseynzadə və komandasının əvəzsiz rolunu qeyd edərək, onlara təşəkkür edib və beynəlxalq təşkilatlara məlumat çatdırmaq üçün saytın ingilis dilində mövcud olmasının mühüm rol oynayacağını bildirib. Ə.Vəliyev, Qərbi Azərbaycan abidələrini beynəlxalq arenada tanıdaraq Azərbaycanın tarixi varlığını dünya ictimaiyyətinə çatdırmaqda qətiyyətli olduqlarını qeyd edib.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

 

Pərvanə Fərhadqızı