Konqo Demokratik Respublikasında (KDR) hamilə qadınların, körpələrin və azyaşlı uşaqların Mpox xəstəliyindən qorunması məqsədilə peyvənd sınaqları keçirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Epidemiya Hazırlığı İnnovasiyaları Koalisiyasının (CEPI) dəstəklədiyi tədqiqatlarda MVA-BN peyvəndinin təhlükəsizliyi və effektivliyi araşdırılır. Peyvənd əvvəllər əsasən böyüklər və yeniyetmələr arasında istifadə edilsə də, hamilə qadınlar və kiçik uşaqlar barədə məlumatlar məhdud olub.
2025-ci ildə başlayan araşdırmada hamilə və süd verən qadınlar, eləcə də iki yaşdan kiçik uşaqlar iştirak edir. Digər sınaqda isə 2-11 yaşlı uşaqlarda peyvəndin təhlükəsizliyi və immun reaksiyası öyrənilir. İlkin nəticələr peyvəndin uşaqlar tərəfindən yaxşı qəbul edildiyini və güclü immun cavab yaratdığını göstərib.
KDR-də Mpox xəstəliyinin geniş yayılması bu tədqiqatların əhəmiyyətini artırır. Xəstəlik xüsusilə azyaşlı uşaqlar, hamilə qadınlar və immun sistemi zəif şəxslər üçün ağır keçə bilər.
CEPI, həmçinin KDR-də laboratoriya imkanlarının və yerli elmi potensialın gücləndirilməsinə dəstək verir. Tədqiqatların nəticələrinin gələcəkdə peyvəndin uşaqlar və hamilə qadınlar arasında daha geniş istifadəsinə dair qərarlara kömək edəcəyi gözlənilir.






