Mühafizəsi vacib olan sərvətlərdən biri də bitki örtüyü və xüsusən meşələrdir. Qeyd etmək kifayətdir ki, bütün Qafqazda rast gəldiyimiz 7 mindən artıq bitki növündən 4500-ə yaxını respublikamızın meşələrində yayılıb. Bu bitkilərin hər biri bir dərdin dərmanıdır.
Belə rəvayət edirlər ki, bir gün Loğman tələbələrinə üz tutub deyir: “Təbiətin qoynuna çıxın, mənə elə bitki gətirin ki, onun insanlara faydası olmasın”. Bir müddətdən sonra tələbələr kor-peşiman Loğmanın yanına dönüb faydası olmayan bitkini tapa bilmədiklərini deyirlər. Loğman onlara deyir: “Bəli, siz düz deyirsiniz. Gözə görünən bitkilərin hamısı bir xəstəliyin dərmanıdır. Sadəcə, onu tanıyıb istifadə etməyin qaydasını bilmək lazımdır”.
Bitkilərin hər biri bir dərdin dərmanıdır. Onların böyük əksəriyyəti hələ bu günə kimi öyrənilməmişdir. Təsərrüfat əhəmiyyətinə görə meşələrimiz dünyada öncül yerdədir.
Ölkəmizin meşələrinin birinci qrupa aid olan, yəni qoruyucu əhəmiyyətli meşələr olmasında iqlim zənginliyi və ölkəmizin relyefi ilə paralel surətdə bağlıdır. Meşələrimizdə 107 ağac, 167 növ hündür və orta boylu kol, 162 alçaqboylu kol və yarımkol bitir.
Hazırda meşə ilə örtülü sahələrin təxminən 48,7 faizi Böyük Qafqazda, 34,2 faizi Kiçik Qafqazda, 14,6 faizi Lənkəranda, 2,5 faizi düzən zonada, cüzi bir hissəsi isə Naxçıvan MR-dadır. Respublikamızın ayrı-ayrı rayonlarının meşəlik dərəcəsi müxtəlifdir. Fiziki-coğrafi rayonlar üzrə bu göstərici Böyük Qafqazda 18,7 faiz, Kiçik Qafqazda 12,6 faiz, Talışda 25,5 faizdir. Meşəlik dərəcəsinə görə ölkəmizdə Astara rayonu 58,6 faizlə öncül yerdədir. Zaqatala, Qax, Balakən, Qusar və Quba rayonlarının ərazisi də kifayət qədər meşələrlə örtülüdür.
Respublikamızın meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən ən geniş yayılan fıstıqdır. Bu cinsin əmələ gətirdiyi meşələr 242,8 min hektar sahədə yayılıb və dövlət meşə fondunun 31,9 faizini təşkil edir. İkinci yerdə palıd meşə sahələri tutur ki, bu da meşə fondumuzun 30,5 faizi deməkdir.
Bir haşiyə çıxmaq istəyirəm ki, otuz illik işğal dövründə ermənilər Qarabağda 161 min hektar meşə fondumuzu talan etmişdilər. Bütün qiymətli ağac növlərimiz xarici ölkələrə daşınırdı. Dünyada nadir incilərdən sayılan Zəngilanın “Çinar” meşəsi əsl qətliama məruz qalmışdı. Qubadlı, Laçın, Kəlbəcər, Hadrut və Ağdərə ərazisində olan meşələrimiz də eyni faciəni yaşamışdı.
Əldə etdiyim məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regiondakı meşə bərpa edən idarələri tərəfindən Zəngilanın “Çinar” meşəsində bərpa işlərinə başlanmış, eyni cinsdən olan çoxlu ağacın əkilməsinə start verilmişdir. Yaxın gələcəkdə “Çinar” meşəsinin tam bərpası gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlardakı meşə təsərrüfatı müəssisələri hər il ölkəmizin meşə fondunu sürətlə artırmaqdadırlar. Əkilən cavan tinglər yerli regionun florasına uyğun olduğu üçün yaxşı bitiş verməkdədir.
İlham və sağlamlıq mənbəyi sayılan meşələrimiz nə qədər çox olarsa, meşələrimizdə dərman bitkilərimiz də bir o qədər zəngin olar.
Mühit EMİB sədri Əzizağa Hünbətəliyev






