Siyasi şərhçi Vüsalə Hüseynli Azərbaycan–Ermənistan münasibətlərində və Cənubi Qafqazda baş verən siyasi transformasiyadan, xüsusilə də 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanmasından sonra keçən bir ilin nəticələri haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Dünən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 2020-ci ildə apardığı 44 günlük müharibə və əldə olunan Şanlı Qələbəmizin, 2023-cü ildə həyata keçirdiyi 24 saatlıq antiterror əməliyyatlarının məntiqi yekununun masada rəsmiləşən günüdür. 8-9 avqust 2025-ci il President İlham Əliyevin ABŞ-a səfəri rəsmi Vaşınqton -Azərbaycan əlaqələrinin transformaiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin paraflanması kimi tarixə həkk olub.

Ölkə başçısının qeyd etdiyi kimi : “Vaşinqton şəhərində dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu. Dünya birliyi, beynəlxalq aləm bizim qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir. Bu da tarixi hadisədir.”

Bəli, dövlət başçısının vurğuladığı kimi, bu hadisə doğrudan da, rəsmi Bakının, Qələbənin memarı İlham Əliyevin və bunun uğrundan canından qanından keçmiş şəhidlərimizin tarixi qələbəsi idi. Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanmasından bir il ötür. Bu bir il doğrudan da bölgədə, Azərbaycan ABŞ arasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

Ötən bir ilə nəzər saldıqda  istər rəsmi Vaşinqton-Bakı münasibətlərində, istərsədə Bakı-İrəvan münasibətlərində yeni mərhələnin başlandığına şahidlik etdik. Azərbaycanın səyləri nəticəsində hazırlanaraq, təqdim olunan sülh gündəliyi və bu gündəlikdə yer alan beş əsas prinsip rəsmi Bakının prosesin necə inkişaf edəcəyini proqnozlaşdırdığı kimi də davam etdi. . Geridə qalan bir il göstərdi ki, paraf siyasi iradəni təsdiqləsə də, sülh prosesinin ən çətin hissəsi məhz bundan sonra başlayır.

Dünyanın bir nömrəli ofisində tərəflərin sənəd üzərində razılığa gəldiyi sülh müqaviləsinin paraflanmasından sonra əsas məsələ həmin razılaşmanın hüquqi və siyasi müstəviyə daşınmasıdır. Bu baxımdan ötən bir il sülhün mətninin deyil, onun həyata keçirilməsi imkanlarının sınağı kimi yadda qaldı.
Bir il ərzində diqqət çəkən əsas məqam regionda müharibə ritorikasını unutdurdu. Gündəlikdə daha çox sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və gələcək münasibətlərin hüquqi bazası kimi mövzular yer aldı. Bu isə Cənubi Qafqaz üçün yeni siyasi atmosfer formalaşdırdı.

Bundan əlavə, sülh prosesinə aparan yolda mövcud olan maneələr də rəsmi Bakının gündəliyindən çıxmadı. Azərbaycan bu gündə bir il öncəki fikirlərinə sadiq qalaraq rəsmi şəkildə bildirir ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Bakı bunu əlavə siyasi tələb kimi deyil, gələcəkdə mümkün hüquqi ziddiyyətlərin qarşısını alan təminat kimi təqdim edir. Ermənistan isə bu məsələyə daxili siyasi gündəliyin tərkib hissəsi kimi yanaşır və prosesin vaxtı ilə bağlı dəqiq mövqe ortaya qoymur. Məhz buna görə də sülh prosesinin əsas müzakirə mövzusu artıq danışıqlar deyil, hüquqi təminatlar məsələsindən keçir.

Prosesi təhlil edən zaman ikinci diqqətçəkən məqam beynəlxalq vasitəçilik formatının əvvəlki dövrlə müqayisədə dəyişməsidir. Uzun illər münaqişənin həlli ilə əlaqələndirilən platformalar artıq əvvəlki rolunu oynamır. Regionda qərarların daha çox Bakı və İrəvan arasında qəbul edilməsi tendensiyası güclənib. Xarici aktorlar isə prosesə istiqamət verən tərəfdən daha çox dəstəkləyici tərəfə çevriliblər. Bu da onu göstərir ki, sülhün taleyi əvvəlki illərlə müqayisədə daha çox iki paytaxtın siyasi qərarlarından asılıdır. Təbii ki, prosessin bu istiqamətə gəlib çıxmasının əsas səbəbkarı da məhz prezidentin yürütdüyü uzağa hədəflənən siyasi kursdur.

İqtisadi gündəmə gəlincə qeyd edə bilərik ki, burada da hərəkətlilik əvvəlki illərlə müqayisədə daha dinamikdir. Kommunikasiyaların açılması, tranzit marşrutlarının genişləndirilməsi, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xətlərinin inkişafı artıq təkcə iqtisadi layihələr kimi deyil, həm də etimadın formalaşmasına xidmət edən vasitələr kimi qiymətləndirilir. Əgər bu layihələr tam həyata keçirilərsə, regionda qarşılıqlı asılılıq artacaq və bu da yeni gərginlik risklərinin azalması ilə müşahidə olunacaq.

Humanitar məsələlərə gəlincə təbii ki, Azərbaycan bir tərəfdən sülh gündəliyinə gedən yolda addımlayır, digər tərəfdən ermənilər tərəfindən minalanmış Qarabağda mina təmizləyərək şəhərlər salır, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün bütün danışıq masalarında imkanlardan yararlanmağa çalışır. Təbii ki, bu cəmiyyətlər arasında etimadın formalaşdırılması siyasi sənədlərlə paralel həllini gözləyən məsələlərdir.

Ağ evdə əldə etdiyimiz tarixi qələbənin siyasi, iqtisadi, humanitar tərəflərindən başqa,  bu prosesin  bir uğuruda var ki, onu yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində qiymətləndirmək doğru sayılmaz. Bu Azərbaycan tarixində Nadir Şahdan sonra işğal olunmuş ərazinin işğalına sonm qoyan sərkərdə  İlham Əliyev portiretidir. Onun formalaşdırdığı sülh gündəliyinə gedən yol heç də asan olmadı. 1996-cı ildə ümumilli lider Heydər Əliyevin Lissabon zirvəsində göstərdiyi sərt mövqeyi, ondan sonra bu işi davam edən  İlham Əliyevin 44 günlük müharibənin nəticəsi olan qələbəyə kimi heç dəyişmədi. Təbii ki, bu yol heç də asan olmadı. Bu yol heç də rahat olmadı. İstər 2020-ci ilə kimi rəsmi Bakını təslimçi sülhə  məcbur edənlər, müharibədən sonra da Azərbaycanın mövqeyinə münasibətdə beynəlxalq səviyyədə ciddi təzyiqlər, fikir ayrılıqları nümayiş etdirdilər. Bakının üzərinə müxtəlif siyasi təzyiqlər göstərirdilər. Təbii ki, bu qədər təzyiqin önündə həm sahada, həm də masada bir addım belə geri çəkilmədi. Əksinə,  İlham Əliyev ölkə başçısı olaraq, bir tərəfdən əldə etdiyi hərbi nəticələri qorumağa, digər tərəfdən həmin nəticələri diplomatik və hüquqi çərçivəyə salmağa çalışırdı. Sülh sazişi təşəbbüsünün irəli sürülməsi, sərhədlərin delimitasiyasının gündəmə gətirilməsi, kommunikasiyaların açılması və son nəticədə sülh mətninin razılaşdırılması bu xəttin ardıcıl mərhələləri oldu.

Əliyevin sülh gündəliyinin əsas xüsusiyyətlərindən biri də bu idi ki, rəsmi Bakı müharibədən sonra yeni hərbi qarşıdurmaya hazırlaşan tərəf kimi deyil, yeni regional reallıq əsasında sülh şərtlərini müəyyənləşdirməyə çalışan tərəf kimi çıxış etməyə başladı. Təbii ki, öncədən yazılmış və hazırlanmış siyasi xətt dəyişmədən məqsədə doğru addım-addım irəlilədi. Bu isə ölkə başçısının dəqiq hesablamalarının nəticəsi idi. Bu bir ildə yuxarıda qeyd etdiklərimin hamisinin məntiqi nəticəsini hamimiz birlikdə izlədik. Çünki bir neçə il əvvəl əsas müzakirə mövzusu münaqişənin necə həll ediləcəyi idisə, bu gün əsas müzakirə sülhün nə vaxt və hansı hüquqi mexanizmlərlə rəsmiləşdiriləcəyi məsələsidir. Bu isə ciddi siyasi transformasiyadır".