Tacikistan hökuməti və BMT ölkədə qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində əməkdaşlığı genişləndirir. Bu məsələlər avqustun 5-də Düşənbədə keçirilən “Tacikistanda daha yaxşı qidalanma üçün qida sistemlərinin transformasiyası” proqramının iclasında müzakirə olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, BMT-nin Birgə Dayanıqlı İnkişaf Məqsədləri Fondu tərəfindən maliyyələşdirilən proqram FAO, UNICEF, WFP və WHO tərəfindən həyata keçirilir. Proqram sağlam və dayanıqlı qida sistemlərinin yaradılmasına yönəlib.
Görüşdə proqramın ilk ilində görülən işlər qiymətləndirilib və növbəti mərhələnin prioritetləri müəyyənləşdirilib. Tacikistan hökuməti və BMT nümayəndələri qidalanmanın yaxşılaşdırılması üçün müxtəlif dövlət qurumları və sektorlar arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
Proqram çərçivəsində 2026–2030-cu illər üçün əhalinin qidalanmasının yaxşılaşdırılması üzrə Dövlət Proqramının hazırlanmasına dəstək verilib. Həmçinin sağlam qidalanma üzrə milli təlimatlar hazırlanır, yerli məhsullardan istifadə edilən məktəb yeməkləri üzrə pilot layihə həyata keçirilir.
Bundan əlavə, sağlam qidaların əlçatanlığı, şəkərli içkilərə vergi tətbiqi və qidalanma siyasətləri ilə bağlı araşdırmalar aparılır. Təşəbbüs səhiyyə, kənd təsərrüfatı, təhsil və iqtisadiyyat kimi sahələr arasında əməkdaşlığı gücləndirməklə Tacikistanda daha sağlam və dayanıqlı qida sisteminin yaradılmasına xidmət edir.






