ABŞ-ni  xarici yardım və qlobal səhiyyə sahəsində yeni yanaşması beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənilir. Xüsusilə “Save the Children” kimi qurumlar Vaşinqtonun dəyişən siyasətinin gələcək təsirlərini anlamağa çalışırlar. ABŞ Dövlət Departamenti son dövrlərdə əsasən Afrika ölkələri ilə yanaşı Latın Amerikası və Asiyada da ikitərəfli səhiyyə sazişləri imzalayaraq qlobal səhiyyə yardımına yeni istiqamət verməyə başlayıb. Bu sazişlər Tramp administrasiyasının xarici səhiyyə maliyyələşdirməsinə yeni yanaşmasını ümumi şəkildə göstərsə də, bir çox detallar hələ də aydın deyil.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu vəziyyət “Save the Children” təşkilatını gözləmə mövqeyində qalmağa vadar edib. Təşkilatın ABŞ bölməsinin baş siyasət rəhbəri Kristi Gleson bildirib ki, bu model onun karyerası ərzində gördüyü qlobal səhiyyəyə yanaşmalardan tamamilə fərqlidir. Onun sözlərinə görə, hazırda əsas sual bu sazişlərin praktikada necə həyata keçiriləcəyi, hansı öhdəlikləri və dəyişiklikləri gətirəcəyi və ümumilikdə hansı nəticələr doğuracağıdır.

Gleson qeyd edib ki, təşkilat hazırda diqqətini ABŞ hökumətinin verdiyi razılaşmaların məzmununa və onların icra mərhələsinə yönəldib. Onun fikrincə, siyasətdəki bu dəyişikliklər qlobal səhiyyə yardımının gələcəyinə ciddi təsir göstərə bilər və buna görə də bütün tərəflər prosesi yaxından izləməlidir.