Dostları ona “qardaşım” deyə müraciət edir. Bu adı xarakteri, məsləyi, əqidəsi ilə qazanıb. “10 barmağında 10 marifet var” ifadəsi də məhz Bahar xanıma aiddir. Bacarmadığı iş, demək olar ki, yoxdur. Biçmə-tikmə, toxuma, oyma, digər əl işlərini hazırlama, xalça toxuma, hətta idmana da vaxt tapıb. Paralimpiya oyunlarına qoşulub, ağırlıqqaldırma idmanı ilə məşğul olub. Bir sözlə, dəryadı Bahar Şıxıyeva.

 

“Yaşımı 23-də dondurmuşam. Çünki düşüncəm, yaşam tərzim elə o yaşdadı. Çətinliklə yaşasam da özümü həmin yaşdakı ruhuma kökləmişəm”.
Bahar xanım 1974-cü ildə Hacıqabul rayonu Qubalıbaloğlan kəndində anadan olub. 1991-ci ildə orta məktəbi bitirib. 3 il ərəb-fars dili kurslarında təhsil alıb. Ardınca mühasibat uçotu üzrə texnikumu fərqlənmə ilə bitirib. 1994-cü ilin oktyabrda kənd orta məktəbində laborant kimi işə başlayıb. Sonra uşaq yaradıcılıq birliyinin rəhbəri olub. Ancaq içindəki ali təhsil arzusu bir an onu tərk etməyib. Nəhayət, 1999-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialına filologiya fakültəsinə daxil olub:
 
“I kursun ilk sessiyası zamanı cəmi1 gün dərsə gedə bildim. 2-ci gün qar yağması səbəbindən yol sürüşkən idi. Mən sürüşüb yıxıldım. Həmin gün dəhşət qar yağmışdı, yollar bağlanmışdı. Ona görə məni həkimə apara bilmədilər. Səhərisi gün tələbə qızlar məni Bakıya xəstəxanaya çatdırdılar. Zərbədən onurğa beynimdə zədə yarandığı üzə çıxdı. Əməliyyatdan sonra aşağı ətrafların parafarezi diaqnozu qoyuldu. Ayaqlarım demək olar ki, hərəkətsiz idi”.
 
Aktiv iş həyatı, təhsil arzusu ardından yataqda hərəkətsiz qalmağını heç qəbul edə bilmirdi Bahar xanım. Bir müddət hər kəsdən uzaqlaşır, bağlı qapı arxasında daim tək qalır. Bir sözlə, çox ağır psixoloji sarsıntı keçirir. Sonra atası onun reabilitasiya olunması üçün həkimlə məsləhətləşir:
 
“Evə dönəndən sonra atam həkimin nə dediyini mənə bildirmədi. Ancaq sakit-sakit ağlayırdı. Axırda dözmədi, ürəyini açdı.
- Qızım neçə yaşın var?
- Dedim 23.
- Uşaq deyilsən ki. Həkim dedi ki, heç vaxt gəzə bilməyəcək.
- Belədisə, dəyməzdin ölərdim.
Atam dəhlizə çıxdı. Çox pis olmuşdu. Bircə bu duasını eşitdim: “Ay Allah, 3 gün ərzində ya bu qıza yerimək üçün ayaq ver, ya da mənim canımı al”".
Üç gündən sonra atası ürək tutmasından dünyasını dəyişib. Anası da vaxtsız dünyadan köçüb. Ona görə də təkərli arabaya məhkum olan Bahar xanımın həyatın çox ağır keçib. 2010-cu ildən Bakıda xəstəxanada, ya da kirayələrdə qalıb. Buna baxmayaraq, bütün çətinliklərini təkbaşına mübarizə apararaq yenib. Ətrafındakı dostlarının, tələbələrinin, onu tanıyanların sevimlisinə çevrilib.
 
İndi çoxları Bahar Şıxıyevanı xalça ustası kimi tanıyır. Bu yolun başlanğıcı bir zənglə bağlıdı. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif kurslara qatılıb və hamısını uğurla başa vurub:
 
“Mən paralimpiyaya qoşulmuşdum. Ağırlıqqaldırma ilə məşğul olurdum. Bir gün idman zalında olanda Məhluqə xanım mənə zəng etdi. Bildirdi ki, Ramanada əlilliyi olan şəxslər üçün peşə məktəbi açılıb. İndi orada təhsil ala bilərsiz. Ad, soyad yazdım. İdmançı dostumla belə qərara gəldik ki, gedək həmin məkana baxaq, bəlkə bizim vəziyyətimizə uyğun deyil. Getdik Mərkəzə baxdıq, gördük ki, əsl bizə uyğun məkandı. Sənədlərimizi oradaca təqdim etdik. Dedim ki, hansı kursa istəyirsiz yazın. Çünki bilirəm ki, hansı istiqamətə yönəltəsələr, onu öyrənəcəm. İlk olaraq dərzi kursuna yazdılar. 3 aylıq kursu bitirdim. Elə orada qala-qala xalça toxuyurdum. Bir müddət sonra mozaika kursu açıldı. Onunla da məşğul oldum. Bir müddət sonra yenidən Peşə Reabilitasiya Mərkəzinə qayıtdım. Bu dəfə 6 aylıq xalçaçılıq kursuna yazıldım. O illərdə eyni zamanda idmanın müxtəlif növləri ilə məşğul olmuşam. Xaricdə və ölkədə daxilində olan yarışlarda iştirak etmişəm. Şahmatla məşğul olmuşam, 2 dəfə qalib olmuşam. Stend atıcılığında 3-cü yeri tutmuşam. Boccida yan hakim işləmişəm”.
 
Xalçaçılıq kursunu uğurla bitiriən B.Şıxıyeva sonradan elə həmin Mərkəzdə və digər kurslarda xalça müəllimi kimi fəaliyyət göstərib. Toxuduğu xalçalar müxtəlif sərgilərdə, tədbirlərdə nümayiş olunub. Bəzən sifarişləri də olur. Bir sözlə, adam işinindən zövq almaqla yanaşı davamçılarını da həvəslə yetişdirir:
“Özüm xalçaçı ailəsində doğulmuşam. Gözümü açıb evimizdə böyük hana, gəvə toxunmasını görmüşəm. Anam gözəl xalça, palaz toxuyardı. Sapı da özü əyirib rəngləyərdi. Böyük bacım, xalça müəllimi olub. Digər bacılarım da gözəl xalçalar toxuyub. Ancaq mən evimizdə heç vaxt toxumamışam. Sadəcə ilmə vurmağı bilirdim. Evimizin 1-ci mərtəbəsi xalça sexi kimi istifadə olunurdu. Bacım orada tələbələrinə dərs verirdi. Mən isə xalçanın sirrlərini 1 saylı Peşə Reabilitasiya Mərkəzində öyrənmişəm. Adil müəllim, Namə müəllimə məni öyrətdilər. Mənim müəllimim Adil Məmmədov xalçaçı rəssam olub. Mən ilk uğurlarımı hər zaman ilk olaraq müəllimlərimlə bölüşürəm. Bu günlərdə videoçarx hazırlanıb. Onu göndərdim Adil müəllimə. Deyir ki, çox sevindim. Əsl davamçımız sən oldun. Düşünürəm ki, kaş mənim də özüm kimi tələbəm olardı. Mən müəllimlərimə necə dəyər vermişəmsə, mənə də belə dəyər versinlər.
 
Hərdən sinif yoldaşlarımla danışıram. Deyirlər ki, sənin nəvələrlə oynayan vaxtındı. Mən də deyirəm ki, dərs keçdiyim, sənət öyrətdiyim uşaqlar hamısı mənim balalarımdı. Xalça kursundan 1 dəfə 23 nəfər, sonra 13 nəfər, sonuncuda isə 18 nəfər tələbə buraxılış etmişəm”.
 
Uzun illər kirayələrdə, şəraitsiz evlərdə, əlilliyi olan insan üçün müyəssər olmayan yerlərdə qalmağa məcbur olub Bahar xanım. Ancaq sonda öz yuvasını tapıb. Peşə Reabilitasiya Mərkəzində xalça kursunu bitirdikdən sonra “Məzunlar evi”ndə ona mənzil verilib. Yaxınlıqdakı sexdə xalçaçılıq müəllimi işə başlayıb. Ancaq kursların çox az olduğunu deyir:
 
“İldə cəmi 2 ay işləyirəm. Kurs bitir və mən 10 ay işsiz qalıram. Davamlı olarsa, mənim üçün də yaxşıdı, özümü dolandırmaq üçün aylıq gəlirim olar. Digər tərəfdən, kursu bitirən gənclər üçün iş tapmaq da müşküldür. Mənim bir qrupda olan 23 nəfər tələbəmdən 21 nəfəri super xalçaçıdı, sərbəst toxuyurlar. Ancaq onlara iş yeri yoxdu. Xalçalarımı satmaqda da çətinlik çəkirəm. Sapın kilosu 39-40 manatdır. Çindən gətirilən xalçaları 5 manata satırlar. Bilmirsən necə, nə ilə toxunub. Ancaq onu daha çox alırlar. Amma bizim can qoyduğumuz təbii məhsulları almırlar. İlməni bir-bir yığırlar. Çox əziyyətli işdi”.
Gündəlik tələbatlarını ödəmək üçün digər əl işlərini də ərsəyə gətirir. Kuklalar hazırlayır, dərziliklə məşğul olur. Bir sözlə, bütün çətinliklərə sinə gərərək məğrur dayanıb Bahar xanım. Uğur olsun!
 
Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.