Yaradıcı insan üçün heç vaxt əngəl adlı bəhanə ola bilməz. Bəhanə hədəfi, arzusu, istəyi olmayan insanlar üçündür. Ətrafımızda sağlamlığı fəaliyyəti üçün imkan verməyən saysız insan var, onlar arasında bir kənara çəkilib sakitcə həyatına davam edənlər də var, cəmiyyətdə öz yerini göstərmək, özünü təsdiqləmək üçün hədəf seçəni də.

Qəhrəmanım Baxışova Ülkər birinci qrup əlilliyi olan xanımdır. Onun bacarıqlı əllərinin yaratdıqlarını görəndə həmin əsərlərin arxasında illərini sənətə həsr etmiş birini təsəvvür edirdim. Amma haradan bilərdim ki, cəmiyyətdə elə ülkərlər var ki, onlar çox qısa müddətdə həm öz istedadlarını kəşf etməyi bacarırlar, həm də vəziyyətindən asılı olmayaraq irəliləyərək özünə yol açmağa qadirdirlər.

 

Xəstəliyim təhsilimə mane olmadı
 
Ülkər Ağdaş rayonunun Dəhnəxəlil kəndində dünyaya gəlib və 9 yaşında ikən sümük xətəliyindən (kalsium çatışmazlığı sindromu) əziyyət çəkdiyi məlum olub. Elə həmin vaxtdan ailəlikcə müalicə və sağlamlıq arxasınca düşüblər. Özünün dediyi kimi, nə yaxşı ki, kənddə yaşasalar da ailəsi onun probleminə laqeyd yanaşmayıb. Səhhəti ilə əlaqədar birgə əziyyət çəkiblər. Bütün cəhdlərə baxmayaraq, xəstəlik onun əlillik qazanmasına səbəb olub.
 
O, 11 illik təhsilini elə Ağdaşda yaşadığı kənddə başa vurub.
 
“Nə yaxşı ki, evdə təhsil almaq şansım olub. Bəlkə də, valideynlərim o zamankı vəziyyətimə biganə qalsaydılar, mən də özümə qarşı bu qədər məsuliyyətli olmazdım. Bilirsiz də, bizdə bölgələrdə qız uşaqlarına qarşı ayrıseçkilik, ailədə onlara üstünlük verilməməsi davam edir. Mən xoşbəxtəm ki, bu mənada qayğıkeş ailəyə qadirəm. Təəssüf etdiyim bir məqam var, o da ali təhsil almaq istəyim böyük olsa da, buna o zamanlar mövcud olan imkanlar yol verməyib. Rayondan şəhərə gəlsəydim, mənim üçün xüsusi bir şəxs lazım idi ki, əlil arabada hər yerdə hərəkətimə yardım etsin. Son on ildə, ali təhsil müəsisələrində artıq panduslu yollar var, infrastrukturda qismən də olsa irəliləyiş gözə çarpır, əlil arabalı tələbələr üçün dəstək proqramları çüzi də olsa var. Bu bir şansdır”,- deyə qəhrəmanım bildirib.
 
Təhsil almaq başqa, istedadını üzə çıxarmaq başqa
 
Ülkərin sözlərinə görə, ali təhsil almaq imkanları olmasa da, həmişə hansısa sahə üzrə qısamüddətli biliklər əldə etmək istəyi olub. Bu səbəbdən Bakıya gəlmək üçün can atıb. Ülkər bacarıqlarının ortaya çıxmasında dövlətin əlilliyi olan insanlar üçün təqdim etdiyi proqramlardan yararlanıb: “ Zaman keçdikcə mən özümə yer tapa bilmirdim. Haradansa, başlamaq lazım idi. 2017-ci ildə Bakının Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanlı məhdud gənclərin Peşə Reablitasiya Mərkəzinə müraciət etdim. İki ilə yaxın müddət ərzində rəssamlıq və kompyüter bilikləri üzrə təhsil aldım. Bu müddət ərzində məni tətbiqi sənət, toxuculuq sahəsi də cəlb etdi. Marağım elə böyüdü ki, az sonra maraqlı işlər ortaya qoydum”, -Ülkər deyib.
 
Ülkər 2015-ildən 2020-ci ilə qədər 100-dən çox əsər ərsəyə gətirib ki, bu işlər həm ölkədaxili sərgilərdə, həmçinin Türkiyədəki tədbirlərdə nümayiş olunub. Televiziya kanalları və mətbuatda mütamadi çıxışlar edib. Onun fəaliyyəti və əzmkarlığı onlarla əlilliyi olan insanları motivə edib.
Yeri gəlmişkən, söhbət əsnasında öz uğur hekayəsinin sirrini də deyib: “Əlilliyi olan dostlara, gənclərə mesajım odur ki, insanın özünə inamı həyat amalına çevrilməlidir.
 
Məhz inam sahəsində insanlar ağlına gətirmədiyi işləri görə bilər, hədəfinə çata bilər. Özünə inam bütün sahələrdə ailədə, şəxsi həyatda, işində olmalıdır. Komplekslərdən azad şəkildə yaşamaq üçün insan ən əvvəl özünü öndə görməlidir. İnsan özünə inamı ilə bütün əngələrə qalib gələ bilər.
Mənim kimi sağlamlıq problemi olan insanlar cəmiyyətə çıxmaqdan çəkinməməlidir. Misal üçün, toy şənliyinə getməlidir. Bizi başqalarından fərqləndirən heç nə yoxdur axı. Bizim üçün əsas psixoloji güc, ətrafın dəstəyi vacibdir.
 
Əlil arabasında olan insanın da valideyn olmaq haqqı var, bizim kimi...
Ülkər söhbətinə davam edir: “2018-ci ildə ailə həyatı qurmuşam. Ailə qurmağıma baxmayaraq, aktiv fəaliyyətim davam edib. 2020-ci ildə övladım dünyaya gəldi deyə yaradıcılıq işlərimə müvəqqəti ara vermişəm. Həm də bir müddətdir, atamgilə, Ağdaşa gəlmişəm. Səbəb körpəmə dəstəklə bağlıdır.
 
Hazırda ən böyük problemlərimizdən biri valideyn kimi əziyyət çəkməyimizdir. Övladımızın iməkləyən vaxtıdır. Mən və həyat yoldaşım 1-ci qrup əlilik, əlil arabasında olmağımız övladımıza istədiyimiz kimi qayğı göstərməyimizə mane olur. Burada söhbət maddi yox, fiziki dəstəkdən gedir. Nə yaxşı ki, bu işdə də mənim valideynlərim, anam, qardaşlarım əlindən gələni edirlər. Biz həmişə burada qala bilmərik, bütün hallarda öz evimizdə olmalıyıq. Çünki burada da bizim arabada hərəkət etməyimiz üçün şərait yoxdur. Həm də xeyli sosial problemlər var. Həmçinin mən də sosial həyatdan uazaqlaşmaq istəmirəm, əvvəlki aktiv fəaliyyətimə qayıtmaq istəyirəm. Bu səbəbdən dövlət tərəfindən dəstəyə ehtiyacımız var. Ən azı bizə bir müddət üçün baxıcı lazımdır ki, körpənin qeydinə qalmaqda yardım etsinlər. Biz yararlana bilməsək ki, bizi kimi ehtiyacı olanlara həmin xidmət təklif olunar. Çünki bizi hamıdan fəqləndirən heç nə yoxdur.
 
 
 

Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.