Beynəlxalq humanitar yardım sektorunda illərdir müzakirə olunan islahatların həyata keçirilməsinin ləng getdiyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, “The Washington Post”da yayımlanan təhlildə qeyd olunur ki, dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı artdığı halda, mövcud sistem bu ehtiyacların yalnız bir hissini qarşılaya bilir. Hazırda təxminən 239 milyon insanın yardıma ehtiyacı olduğu, BMT-nin isə onların 135 milyonuna yardım göstərməyi hədəflədiyi bildirilir.

Məqalədə əsas problemlərdən biri kimi beynəlxalq humanitar yardım vəsaitlərinin yerli və milli QHT-lərə kifayət qədər birbaşa çatmaması göstərilir. Bildirilir ki, birgə maliyyə fondlarından ayrılan vəsaitlərin yalnız təxminən 2-4 faizi birbaşa yerli təşkilatlara yönəlir.

Təhlildə vurğulanır ki, yerli QHT-lər böhran yaşayan icmalara daha yaxın olduqları üçün onların ehtiyaclarını daha yaxşı müəyyənləşdirə və yardımı daha çevik təşkil edə bilirlər. Buna görə də humanitar yardım sistemində qərarvermə və maliyyə imkanlarının yerli təşkilatlara ötürülməsi vacib hesab olunur.

Müəllif donorları 2030-cu ilədək humanitar yardım vəsaitlərinin 50 faizini yerli aktorlara yönəltməyə çağırır. Bununla yanaşı, maliyyələşmədə şəffaflığın və hesabatlılığın gücləndirilməsinin vacibliyi də qeyd edilir.

Təhlilə görə, beynəlxalq humanitar sistemdə real dəyişikliklərin baş verməsi üçün yalnız islahat vədləri kifayət deyil, maliyyə və qərarvermə mexanizmlərində konkret dəyişikliklər həyata keçirilməlidir.