185 vətəndaş cəmiyyəti təşkilatı BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarının fəaliyyətinin gücləndirilməsi və onların davamlı maliyyələşdirilməsi üçün dövlətlərə çağırış edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatlar bildiriblər ki, BMT-nin müqavilə qurumları beynəlxalq insan hüquqları sisteminin əsas elementlərindən biridir. Bu qurumların fəaliyyəti dövlətlərin insan hüquqları üzrə öhdəliklərinə əməl etməsinə nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.

QHT-lərin birgə bəyanatında qeyd olunub ki, sistem hazırda maliyyə çatışmazlığı və BMT-nin likvidlik böhranı səbəbindən ciddi problemlərlə üzləşir. Bu vəziyyət iclasların və insan hüquqları üzrə araşdırmaların azalmasına, eləcə də baxılmalı məsələlərin yığılmasına səbəb olur.

Təşkilatlar dövlətləri müqavilə qurumlarının fəaliyyətinin davamlı maliyyələşdirilməsini təmin etməyə, onların işinin əlçatanlığını və səmərəliliyini qorumağa çağırıblar.

Birgə bəyanat Amnesty International, International Service for Human Rights və TB-Net-in təşəbbüsü ilə hazırlanıb və 185 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən dəstəklənib. Bəyanat BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində gündəmə gətirilib.

QHT-lərin fikrincə, insan hüquqları mexanizminin effektiv fəaliyyət göstərməsi üçün dövlətlərin yalnız siyasi deyil, həm də maliyyə öhdəliklərini yerinə yetirməsi vacibdir.