Humanitar işçilərə qarşı hücumlar rekord həddə çatıb – QHT-lərdən çağırış
19 avqust – Ümumdünya Humanitar Yardım Günü
Dünyada humanitar yardım əməkdaşlarının təhlükəsizliyi ilə bağlı vəziyyət getdikcə ağırlaşır. 2025-ci ildə humanitar işçilərə qarşı 907 ölüm, yaralanma və oğurlanma hadisəsi qeydə alınıb. Onlardan 350-si həyatını itirib. Bu göstəricilər əvvəlki illə müqayisədə təhlükələrin artdığını göstərir.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq QHT Təhlükəsizlik Təşkilatı (INSO) və Protect Humanitarians 19 avqust – Ümumdünya Humanitar Yardım Günü münasibətilə humanitar əməkdaşların müdafiəsinin gücləndirilməsinə çağırış edib.
Məlumata görə, 2025-ci ildə 322 yardım işçisi yaralanıb, 235-i oğurlanıb, 280-i isə dövlət qurumları tərəfindən saxlanılıb və ya həbs edilib. Qəzza humanitar işçilər üçün ən təhlükəli bölgə olaraq qalır. Burada 2025-ci ildə 186 yardım əməkdaşı öldürülüb.
BMT də humanitar əməkdaşların münaqişə zonalarında öldürülməsi, yaralanması, oğurlanması və saxlanılmasının yolverilməz olduğunu vurğulayıb. Təşkilat beynəlxalq humanitar hüquqa hörmət edilməsini və hücumlara görə məsuliyyətin təmin olunmasını tələb edir.
Ümumdünya Humanitar Yardım Günü 2003-cü ildə Bağdaddakı BMT qərargahına hücum zamanı 22 humanitar əməkdaşın həlak olmasının ildönümü ilə əlaqədar qeyd olunur.












