"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və qurumun kollektivinə şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya, şəhidlərin xatirəsinə etdikləri ehtiram və şəhid ailələrinə göstərdikləri mənəvi dəstəyə görə, minnətdarlığını və təşəkkürünü bildirib.

QHT.az həmin fikirləri təqdim edir:

"İllərdir şəhidlərimizin anım günlərində bizi tək qoymayan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev yoldaşa dərin minnətdarlığımı bildirirəm.

Şəhid anası olaraq övladımızın yoxluğunun ağrısını hər gün yaşayırıq. Bu ağır dərdi heç nə əvəz edə bilməz. Lakin illərdir anım günlərimizdə yanımızda olmağınız, şəhidlərimizin xatirəsinə ehtiram göstərməyiniz, ailələrimizin dərdini bölüşməyiniz bizim üçün böyük mənəvi dayaqdır.

Bu diqqət və qayğı sadəcə bir ziyarət deyil, şəhidlərimizin unudulmadığının, onların əziz xatirəsinin daim yaşadıldığının göstəricisidir.

Elçin Quliyev yoldaş, rəhbərlik etdiyiniz Şimali bölgəsində Dövlət Sərhəd Xidmətinin şəhid ailələrinə göstərdiyi diqqətə, ehtirama və illərdir davam edən mənəvi dəstəyinə görə Sizə və bütün kollektivinizə təşəkkür edirəm.

Allah şəhidlərimizə rəhmət eləsin! Onların xatirəsinə göstərilən bu ehtiram heç vaxt unudulmayacaq".