Qlobal humanitar böhranların dərinləşdiyi bir vaxtda yardım əməkdaşlarının təhlükəsizliyi yenidən diqqət mərkəzinə gəlib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq humanitar təşkilat Oxfam 19 avqust – Ümumdünya Humanitar Yardım Günü münasibətilə açıqlama yayıb.

Təşkilat humanitar böhranlar zamanı insanlara yardım göstərən əməkdaşların ağır və təhlükəli şəraitdə fəaliyyət göstərdiyini vurğulayıb. Oxfam onların qorunmasının və humanitar fəaliyyət üçün təhlükəsiz şərait yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Oxfam bildirib ki, münaqişə və böhran bölgələrində çalışan humanitar əməkdaşlar həyatlarını riskə ataraq milyonlarla insana ərzaq, su, tibbi yardım və digər zəruri dəstək çatdırırlar.

Təşkilat beynəlxalq ictimaiyyəti humanitar prinsiplərə hörmət etməyə və yardım əməkdaşlarının müdafiəsini gücləndirməyə çağırıb.

Oxfam-ın builki Ümumdünya Humanitar Yardım Günü mesajının əsas şüarı “Just be human” – “Sadəcə insan olun” olub.