Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində “Məişət zorakılığı haqqında” Qanunun təbliği və erkən nikah probleminin ictimailəşdirilməsi məqsədilə üç ay ərzində yeddi tədbirin keçirilməsi nəzərdə tutulub.
Növbəti tədbir 26 oktyabr 2026-cı il tarixində Buzovna qəsəbəsində, H. Eyvazov küçəsi 28 ünvanında yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Tədbirdə Peşə Təhsil Mərkəzinin 21 tələbəsi iştirak edib.
Layihənin təlimçisi Əntiqə Qurbanova erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, eləcə də problemin aradan qaldırılması üçün qəbul edilmiş sənədlərdə nəzərdə tutulan cəza tədbirləri barədə məlumat verib. Erkən nikah probleminə səbəb olan amillər müzakirə olunub, problemin həlli ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş cəzalar diqqətə çatdırılıb. Həmçinin problemin mövcudluğuna və aradan qaldırılmasına görə məsuliyyət daşıyan qurumlar haqqında məlumat verilib, onların problemin həlli istiqamətində birgə fəaliyyəti müzakirə olunub. İştirakçıların rəy və təklifləri dinlənilib.
Təlimçinin erkən nikah mövzusunda hazırladığı slayd təqdimatı təlimin daha maraqlı və interaktiv keçməsinə şərait yaradıb.
Layihənin digər təlimçisi Nabat Qəniyeva isə “Məişət zorakılığı haqqında” Qanun barədə ümumi məlumat verib.
Slaydlar vasitəsilə Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları, problemin həlli üçün qanunda nəzərdə tutulan müddəalar, zorakılığa məruz qalmış şəxslərin hara və necə müraciət etməli olduqları, eləcə də müxtəlif qurum və strukturların problemin həllində vəzifə və məsuliyyətləri barədə məlumat təqdim olunub.
Eyni zamanda, iştirakçılar qanunun daha səmərəli tətbiqi üçün zəruri mexanizmlərlə bağlı təkliflərini səsləndirib, müxtəlif qurumların qanunun icrası istiqamətində birgə fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirlər maarifləndirmə, müzakirələr və kiçik qruplarda iş formatında təşkil olunub. İştirakçılar dörd qrupa bölünüb və hər qrupa üç sual təqdim edilib. Qrupdaxili müzakirələrdən sonra hər qrupun bir nümayəndəsi nəticələri təqdim edib.
Qrup işi zamanı iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Tədbir foto və video çəkilişləri ilə müşayiət edilib.








