Payız aylarında müşahidə olunan halsızlıq, yorğunluq və enerji çatışmazlığı hər zaman mövsüm dəyişikliyi ilə əlaqəli olmaya bilər. Mütəxəssislər bu əlamətlərin uzun müddət davam etdiyi hallarda qanazlığı və digər sağlamlıq problemlərinin araşdırılmasının vacibliyini vurğulayırlar.

QHT.az xarici mediaya istinadən bildirir ki, ematologiya üzrə mütəxəssis, professor doktor Songül Şərəfhanoğlu bildirib ki, payızda havaların soyuması, günlərin qısalması və gündəlik vərdişlərin dəyişməsi bir çox insanda enerji azalmasına səbəb olur. Səhərlər oyanmaqda çətinlik, gün ərzində yuxululuq, diqqət dağınıqlığı və tez yorulma bu dövrdə daha çox müşahidə edilir.

Lakin mütəxəssisin sözlərinə görə, bu şikayətləri yalnız mövsüm dəyişikliyi ilə əlaqələndirmək düzgün deyil. Dəmir çatışmazlığı anemiyası, B12 vitamini və fol turşusu çatışmazlığı, eləcə də bəzi xroniki xəstəliklər oxşar əlamətlərlə özünü göstərə bilər.

Qanazlığının əsas əlamətləri hansılardır?

Professor qeyd edib ki, anemiya qanda hemoqlobinin səviyyəsinin yaşa və cinsə uyğun normal göstəricilərdən aşağı düşməsi ilə xarakterizə olunur.

Qırmızı qan hüceyrələrində yerləşən hemoqlobin ağciyərlərdən alınan oksigenin toxumalara daşınmasını təmin edir. Onun səviyyəsi azaldıqda toxumaların oksigenlə təminatı da zəifləyə bilər.

Bu vəziyyət aşağıdakı əlamətlərlə müşayiət oluna bilər:

  • Davamlı halsızlıq və tez yorulma;
  • Başgicəllənmə və baş ağrısı;
  • Dərinin solğunlaşması;
  • Ürəkdöyünmə;
  • Fiziki hərəkət zamanı nəfəs darlığı;
  • Diqqətin cəmlənməsində çətinlik.

Diaqnoz üçün qan analizi vacibdir

Songül Şərəfhanoğlu vurğulayıb ki, yalnız simptomlara əsaslanaraq qanazlığı diaqnozu qoymaq mümkün deyil. Bunun üçün ümumi qan analizi və zəruri laborator müayinələr aparılmalıdır.

Mütəxəssislər uzun müddət davam edən yorğunluğun səbəbinin müəyyənləşdirilməsi üçün həkimə müraciət etməyi tövsiyə edirlər. Çünki hər halsızlıq dəmir çatışmazlığı ilə bağlı deyil və düzgün müalicə üçün problemin əsas səbəbi müəyyən edilməlidir.