Vətən müharibəsində şəhid olan mayor Asiman Vaqif oğlu Əliyevin ömür yoluna nəzər salaq. Şəhidimizin Xəzər rayonunun Qala qəsəbəsindəki evinə yollanırıq. Məhəllədə yaşayan uşaqlar bizə Asimanın evinə getməyimizə bələdçilik edirlər. Dalğalanan Azərbaycan bayrağı, şəhidimizn böyüdülmüş şəkli əraziyə çatdığımızı təsdiqləyir.
Bizi evin qarşısında şəhidimizin atası Vaqif Əliyev qarşıladı. Öncə şəhidin ev muzeyi ilə tanış olduq. Bütün şəhid muzeyləri kimi, burada da ruhani atmosfer hökm sürür, tarixi qələbəmizin mahiyyətini əks etdirən eksponatlar, şəkillər qəhrəmanlıq tariximizin gələcək nəsillərə örnək olduğunu nümayiş etdirir.
Şəhidimizin atası Vaqif kişi bir anlıq keçmişə qayıdır:
– Asiman uşaqlıqdan qoçaq, çevik olub. Mən kənddə yaşamışam. Hər zaman təsərrüfatda, istehsalatda çalışmışam. O, mənə bu işlərimdə dəstək olub. Mən deyərdim Asiman mənim yalnız övladım deyil, həm də dostum idi. Mən dostumu itirdim.
Xatırladaq ki, Asiman Əliyev 1987-ci ilin fevralın 1-də Ordubad rayonunun Düylün kəndində doğulub. Həmin kəndin orta məktəbində təhsil alıb. Asimanın hərb sənətinə olan həvəsi onu 2001–2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə aparıb.
Arzularının ardınca hərbi sirləri daha dərindən öyrənmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutub. Ali təhsilini burada motoatıcı tağım komandiri ixtisası üzrə alan Asiman Əliyev 2008 – 2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisası üzrə təhsilini yekunlaşdırıb.
Vaqif Əliyev övladının döyüş yoluna nəzər salaraq sözünə davam edir: “Asiman Vətən Müharibəsi başlayanadək əvvəl Mingəçevirdə, daha sonra Tərtərdə hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Aprel döyüşləri zamanı yanına iki dəfə mərmi düşsə də, Asiman həmin vaxt xəsarət almamışdı.
Sonradan oğlum Cəmşid Naxçıvanski adına liseydə kurs rəisi olaraq hərbi xidmətini davam etdirdi. Asiman peşəsinə olan sevgisindən böyük zövqlə danışırdı. Kursantlarını da övladı qədər sevirdi. Vətən müharibəsi başlayanda o, ilk gündən cəbhəyə can atırdı.
Dəfələrlə rəhbərliyə müraciət etmişdi. Asiman hər zaman deyirdi: “Mənim yetişdirdiyim kursantlarım, dostlarım cəbhədə döyüşür, şəhid olur. Mən burada qala bilmərəm”. Müharibənin qurtarmasına az qalmışdı, nəhayət ki, o, döyüş bölgəsinə göndərildi. Noyabr ayının əvvəlində cəbhəyə yollanan oğlum noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid oldu.
Ölümündən 3 gün sonra da Vətən müharibəsi başa çatdı. Asiman sanki şəhid olacağını duymuşdu. Əvvəlcə məni, sonra isə anasını, qardaşını yanına, öz evinə çağırdı. Ailəsini bir yerə topladı. Bəlkə də bu, onun hamı ilə vidalaşması idi”. Xatırlatmaq istərdik ki, şəhidimizin atası Vaqif kişi artıq dünyasın dəyişib.
“Qardaşım güvəniləsi insan olub. Onda liderlik qabiliyyəti var idi. İstər məktəbdə, istərsə də digər məkanlarda onda yüksək idarəetmə qabiliyyəti olub” – bu sözlər şəhidimizin bacısı İmmi Əliyevaya məxsusdur. İmmi xanım sözünə davam edir: “Asiman hərb sənətini seçdi və öz sahəsində peşəkarlığı ilə özünü təsdiqləyə bildi.
Onu tanıyanlar da yaxşı bilirdi ki, Asiman hərb sənətini necə sevirdi. Bütün bunlarla bərabər, onda yüksək insanı keyfiyyətlər var idi.
O, hər zaman çalışırdı ki, insanlara kömək etsin. Hətta uşaq vaxtı bizə bir iş tapşırılanda Asiman öz işini yerinə yetirən kimi, mənə və böyük qardaşıma kömək edirdi. O, mənim güvən yerim idi. Lap uşaq yaşlarımızdan məni qoruyardı. Asimanın yerini heç kim verə bilməzdi. Onun yoxluğu yalnız ailəmizdə deyil, bizim nəsildə insanların üzünə qırış saldı”.
Asimanın 40 mərasimi günü anası oğlunun yoxluğuna dözə bilmir, dünyasını dəyişir. Bacısı İmmi Əliyeva deyir ki, anamı heç nə ilə sakitləşdirə bilmədik:
“Nə mən, nə də digər qardaşım anama təsəlli ola bilmədik. Deyirdi ki, Asiman mənim tək oğlum deyil, qardaşımdır, dostumdur. Anam belə kədərlə yalnız 40 gün yaşadı. Dekabrın 15-də anamı da itirdik”.
Həyat yoldaşı Aysel xanım da Asimanla bağlı xatirələrini bölüşdü:
–Mən Asimanla eyni kənddə yaşamışam və eyni məktəbdə––Ordubad rayonu, Düylün kəndindəki şəhid Surxay Rzayev adına orta məktəbdə oxumuşuq. O, məndən bir sinif yuxarıda oxuyurdu. Agıllı, savadlı, fəal şagird idi VI sinifdən məktəbdən ayrıldı, C.Naxcivanski adına hərbi liseyə qəbul oldu. Mən də IX sinifdən sonra Bakı Məktəbəqdər Pedaqoji Texnikumuna qəbul oldum.
Asimanla bizim münasibətlərimiz tələbə vaxtından başladı. Asiman dayım oğlu Muxtarla yaxın dost idi. Orta məktəbi bir sinifdə oxumuşdular. Hərbi liseyə, daha sonra Ali Hərbi məktəbə də birlikdə qəbul olmuşdular. Elə Asimanla həyat yolumuzun təkrar birləşməyi də dayım oğlu Muxtarın sayəsində olmuşdu. Sanki mən Asimanı heç tanımamısdım. Bir il ailələrimizdən xəbərsiz telefon vasitəsilə həmyerli kimi bir-birimizdən hal-əhval tutduq. Biz sonra “Zorge” parkında görüşdük, ölum bizi ayıranadək bir- birimizin əlini buraxmayacağımıza söz verdik.
Bu hadisə 2004-cü ildə baş verdi. Asimanlı həyat yolumuz onun ilk xidmət yeri Mingəçevir şəhərində “N” saylı hərbi hissədə başladı. Toyumuzdan 15 gun sonra məni də öz yanına apardı. Biz Mingəçevirdə Heydər Əliyev parkının sonundakı binanın 3-cu mərtəbəsində bir otaqlı mənzildə yaşadıq.
Aysel xanım Asimanın Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirakına nəzər salır: “Asiman işində dəqiq, peşəkar zabit idi. Xidməti dövründə rəhbər heyətin rəğbətini qazanmışdı. Həqiqətən hər işin öhdəsindən gəlirdi. Həmin rütbəyə, vəzifəyə öz gücü ilə gəlmisdi.
Aprel döyüşləri zamanı Tərtərdə xidmət edirdi. Biz də Tərtər rayonunda yasayırdıq. Onun özü evə gələ bilməsə də, yaxınında olmaq bizə yetərli idi. O vaxt qızlarımızın birinin 3 digərinin 4 yaşı vardı. Asimanı həftədə bir dəfə görürdük. Çətin zamanlar idi. Amma ən azından bilirdik ki, Asiman sağ-salamatdır. Aprel döyüşlərində qapı qonsumuz Nəcməddin Savalanov şəhid oldu. Xeyli zaman özümüzə gələ bilmədik. Düşünməzdim ki, o dərd bir neçə il sonra mənim də qapımı döyəcək.
Biz artıq Bakıya təyinat almısdıq. Asiman C.Naxcivanski adına hərbi məktəbdə kurs rəisi təyin olunmusdu. 2020-ci il idi. Artıq oğlumuzun 1 yası vardı. Oglumuz dünyaya gələndən sonra ara-sıra ona baxıb deyirdi: “Mən çox yasamayacağam, Paşanın böyüyməyini görməyəcəyəm”. Bu cümləsi məni o qədər qorxudurdu ki, Asimansiz bir dünyanı təsəvvürümdə canlandıra bilmirdim. Müharibə baslamısdı. Asiman hələ də Bakıda xidmətini davam etdirirdi. Çox sıxılırdı. Dəfələrlə könüllü yazılıbmış, bunu mən Asiman şəhid olduqdan sonra eşitdim. Noyabr ayının əvvəli idi.
Müharibəyə getmək üçün əmri çıxmışdı. Evə gəldi ki, lazım olan əşyalarını yığıb-hazırlasın. Səhər saat 10 idi. Elə bu vaxt qızımız Zəhra yuxudan ayılıb möhkəm ağladı. Uşaqların otağına qaçdıq. Asiman da, anası da, mən də.. Asiman soruşdu ki, niyə ağlayırsan qızım, nə oldu? Zəhra ağlaya-aglaya pis yuxu gördüyünü dedi. Atası soruşdu ki, danış görüm pis yuxunu.
Zəhra əzrail gördüyünü və onun bizim evin üstündə uçduğunu danışdı. Asiman gülə-gülə dedi: “Əzrail necə idi, onu görə bildinmi qızım?” Zəhra əzrailin iri qara quş olduğunu və ancaq bizim evin üstündə uçduğunu deyib yenidən agladı.
Asiman Zəhranı sakitləşdirdi. Beləcə o, getdi. Ayın 7-si səhər tezdən danışdıq. “Hər şey yaxşıdır”,– dedi. Bu, bizim son danışığımız oldu. Asiman müharibəyə qatılmaq, cəbhə bölgəsinə getmək üçün tələsirdi. Sonuncu dəfə danışanda “Övladlarım sənə əmanət”,– dedi.. İndi mənim istəyim Asimandan yadigar qalan övladlarımızın uğuru ilə onun ruhunu sevindirməkdir”.
Şəhidimizin döyüş yoldaşı mayor Orxan Şirinov fikirlərini bölüşür: “Tabor komandirimiz şəhid olmuşdu. Mən müavin idim. Həmin vaxt Asiman Əliyev bizə komandir təyin edilmişdi və noyabrın 6-da o, bizim müvəqqəti yerləşdiyimiz Füzuli rayonunun Dilağarda kəndinə gəlib çıxdı. Onunla ilk tanışlığımız həmin vaxt başladı.
Həmin gecəni xeyli söhbət etdik, zarafatlaşdıq. O, deyirdi: “Mən şəhid olmağa gəlmişəm”. Bizim bölmələrimiz 3 km irəlidə idi. Növbəti gün səhər yeməyindən sonra həmin ərazilərə, Xocavəndin adsız yüksəkliyinə yollandıq. Günorta idi. Əsgərlərimiz yemək yedi. Bizə hücum barəsində məlumat verilmişdi. Komandir Asiman Əliyev daxil olmaqla biz üç nəfər durbinlə həmin adsız yüksəklikdən müşahidə aparırdıq. Qəflətən yaxınlığımıza mərmi düşdü. Elə bil kimsə başıma təpiklə vurdu, mən yaralanmışdım. Baxdım ki, komandir üzündən, boğaz nahiyəsindən ağır yaralanıb.
Ona ilkin yardım göstərdik. Çağırdığımız həkimlər onu apardılar. Noyabrın 7-də xəbər gəldi ki, komandirimiz Asiman Əliyev şəhid olub. Onun itkisi mənə çox pis təsir etdi. Mənim atam da şəhid olub. Atamın qəbrini ziyarət edərkən heç vaxt göz yaşı tökməmişəm.
Çünki qisas hissi ilə yaşamışam. Amma Asimanın məzarını ziyarətə gedərkən kövrəlirəm. Mənim yanımda neçə-neçə hərbçilərimiz şəhid olub. Amma Asimanın itkisi qədər məni heç biri kədərləndirməmişdi. Uzun müddət depressiyaya düşdüm. Xeyli müalicə alandan sonra sağlamlığım bərpa oldu”.
Xatırladırıq ki, mayor Asiman Əliyev xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə mükafatlandırılıb.
İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Asiman Vaqif oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı








