“Məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihə çərçivəsində “Məişət zorakılığı haqqında” Qanunun təbliği və erkən nikah probleminin ictimailəşdirilməsi məqsədilə üç ay ərzində yeddi tədbirin keçirilməsi nəzərdə tutulub.

Növbəti tədbir 27 oktyabr 2026-cı il tarixində Buzovna qəsəbəsi, H. Eyvazov küçəsi 28 ünvanında yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Tədbirdə Peşə Təhsil Mərkəzinin 22 tələbəsi iştirak edib.

Layihənin təlimçisi Əntiqə Qurbanova erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, eləcə də problemin aradan qaldırılması məqsədilə qəbul edilmiş sənədlərdə nəzərdə tutulan cəza tədbirləri barədə məlumat verib. Erkən nikah probleminə səbəb olan amillər müzakirə olunub və onun həlli ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Təlim zamanı erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə qanunla müəyyən edilmiş cəzalar barədə də məlumat verilib. Problemin mövcudluğuna və aradan qaldırılmasına görə məsuliyyət daşıyan qurumlar diqqətə çatdırılıb, onların problemin həlli istiqamətində birgə fəaliyyəti müzakirə olunub. İştirakçıların rəy və təklifləri dinlənilib.

Əntiqə Qurbanovanın erkən nikah mövzusunda hazırladığı slayd təqdimatı təlimin daha maraqlı və interaktiv keçməsinə şərait yaradıb.

Layihənin digər təlimçisi Nabat Qəniyeva isə iştirakçılara “Məişət zorakılığı haqqında” Qanun barədə ümumi məlumat verib.

Slayd təqdimatı vasitəsilə Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları, problemin həlli üçün qanunda nəzərdə tutulan müddəalar, zorakılığa məruz qalan şəxslərin hara və necə müraciət etməli olduqları, eləcə də müxtəlif qurum və strukturların bu istiqamətdə vəzifə və məsuliyyətləri barədə məlumat verilib.

Eyni zamanda, iştirakçılar qanunun daha səmərəli tətbiqi üçün zəruri mexanizmlərlə bağlı təkliflərini səsləndiriblər. Müxtəlif qurumların qanunun icrası istiqamətində birgə fəaliyyəti və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbir maarifləndirmə, müzakirələr və kiçik qruplarda iş formatında təşkil olunub. İştirakçılar dörd qrupa bölünüb və hər qrupa üç sual təqdim edilib. Qrupdaxili müzakirələrdən sonra hər qrupun bir nümayəndəsi nəticələri təqdim edib.

Qrup işləri zamanı iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil edilib.

Tədbir foto və video çəkilişləri ilə müşayiət olunub.