İyulun 30-da Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənəniyarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ölkədə insan hüquqlarının durumu, qeyri-hökumət təşkilatlarının problemləri, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanıdıqları 38 nəfərin siyahısını Prezidentin köməkçisinə təqdim ediblər. “O, bu istiqamətdə addımlar atılacağını dedi”,- deyə Cəfəroğlu qeyd edib. Görüşdə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev də iştirak edib.

Hakimiyyət bu mövqe ilə açılıma getməyə hazırlaşırmı? İqtidarın özünə də sərf etməyən bu vəziyyəti dəyişməyin zamanıdırmı? Postmüharibə dövründə siyasi məhbuslar olmadan və vətəndaş cəmiyyəti üçün yaranan məhdudiyyətləri aradan qaldırmaqla yola davam etmək bizi bir çox beynəlxalq hesabatların tənqidlərindən xilas edə bilər.

Lakin belə bir məqamda bir qrup ictimai fəallar, feminist qızlar əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı aksiya keçirib, polis idarəsinin binasına etiraz olaraq qırmızı boya atdılar. Bu, qadına şiddətə görə etiraz olsa da, son dövrlər feminist qızların aktivləşməsinin arxasında hansısa korporativ maraqların, Qərb fondlarının qrant projelərinin dayandığı iddia edilir.

Bu gün TVMusavat-ın canlı yayınında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” tədqiqat və inkişaf ictimai birliyinin sədri Günel Səfərova ilə gündəmdə olan aktual məsələləri müzakirə edirik. Eyni zamanda insan haqları, siyasi məhbuslar sahəsində vəziyyətin yaxşılaşması bizim beynəlxalq aləmdə birgəyaşayışla bağlı dilimizi uzun edəcək. Qonağımızla bu mövzuya da toxunuruq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/