Beynəlxalq universitetlərin tələbələri və Türkiyənin ilk astronavtı Alper Gezeravcı Füzulidə keçirilən aerokosmik festivalda bir araya gəlib
26 iyul 2026-cı ildə Füzuli Beynəlxalq Hava Limanında IV Aerokosmik Modelçilik Festivalı keçirilib. Bu, Azərbaycan tarixində belə bir festivalın ilk dəfə beynəlxalq hava limanında təşkil olunması ilə əlamətdar olub.
Festivalın fəxri qonağı Türkiyənin ilk astronavtı Alper Gezeravcı olub. Tədbir Gənclər və İdman Nazirliyi, Prezident yanında Dövlət İdarəçilik və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Festival xarici universitetlərin və beynəlxalq nümayəndə heyətlərinin iştirakı ilə geniş beynəlxalq xarakter daşıyıb.
Tədbirdə Böyük Britaniyanın Imperial College London, Fransanın Institut Polytechnique de Paris və Université Paris-Saclay, Türkiyənin Erciyes Universiteti, Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Turin Polytechnic University və Ukraynanın Milli Aerokosmik Universiteti “Kharkiv Aviation Institute” nümayəndələri iştirak ediblər.
Beynəlxalq qonaqlar sırasında Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nümayəndəsi, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin birinci prorektoru, Xarkov Aviasiya Universitetinin rektoru və birinci prorektoru, Ukraynanın Azərbaycandakı səfiri və hərbi attaşesi də yer alıb.
Festival iki mərhələdə və 12 kateqoriya üzrə təşkil olunub: S-3-B Paraşüt, S-3-C Paraşüt, S-4-D Raketa-planer, S-6-A Lent, S-6-B Lent, S-6-C Lent, Peyk modelləşdirilməsi (CubeSat), Aerokosmik startap, FPV dron, Təyyarə modelləşdirilməsi, Naqilsiz rabitə və Səmt müəyyən etmə.
2026-cı ildə “Naqilsiz rabitə” və “Səmt müəyyən etmə” kateqoriyaları ilk dəfə festival proqramına daxil edilib. Tədbir çərçivəsində aviasiya nümayişləri, kvadrokopter və təyyarə modellərinin uçuşları da keçirilib.
Festivalın Füzuli Beynəlxalq Hava Limanında keçirilməsi regionda aerokosmik və texniki yaradıcılığın inkişafı üçün yeni imkanlar yaradıb. Tədbir gənclərin raket və peyk modelləşdirilməsinə marağının artırılmasına, innovativ düşüncənin və texniki yaradıcılığın təşviqinə xidmət edib.












