Madaqaskarda təsirli olan “Freddi” qasırğası nəticəsində 4 nəfərin öldüyü bildirilib.

QHT.az xəbər verir ki, Şərqi Afrika ölkəsi Madaqaskarda saatda 180 kilometr sürətlə quruya çatan Freddi qasırğası fəlakətə səbəb olub. Güclü yağışlar nəticəsində ölkənin cənub-şərqində daşqınlar baş verib, güclü külək isə evlərin dam örtüyünün uçmasına səbəb olub. Qasırğa səbəbiylə məktəblərin bağlandığı ölkədə də nəqliyyat axınının dayandığı öyrənilib.

Hökumətin Milli Risk və Fəlakət İdarəsindən verilən açıqlamada qasırğa səbəbindən ölkədə 4 nəfərin öldüyü, 11 min 477 nəfərin isə evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib. Açıqlamada daşqın zonalarında 2276 evin su altında qaldığı, 2260-dan çox evin dağıldığı və ya zədələndiyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada qasırğanın Madaqaskardan sonra Mozambik Kanalında yenidən meydana çıxa biləcəyi, Mozambik qurusuna çatmadan güclənərək Zimbabveni vura biləcəyi bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Freddi qasırğası Mozambik, Madaqaskar və Zimbabvedə 3,3 milyondan çox insana təsir göstərə bilər.
Keçən ay ölkədə baş verən Çeneso qasırğası nəticəsində 33 nəfər həyatını itirib, minlərlə insan didərgin düşüb.