Aparılan yeni araşdırmalar göstərir ki, evlərdə elektrik enerjisinin əsas hissəsi çox vaxt gözlənilməyən cihazlar tərəfindən sərf olunur. Mütəxəssislərin fikrincə, yüksək enerji istehlakı təkcə güclü cihazlardan deyil, həm də daim işlək vəziyyətdə olan texnikalardan qaynaqlanır.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya əsasən, soyuducular evlərdə ümumi elektrik istehlakının təxminən 25%-ni təşkil edir. İldən ilə 200–500 kVt/saat enerji sərf edən bu cihazlar, fasiləsiz işlədikləri üçün fakturaların əsas hissəsini formalaşdırır. Dondurucular isə 100–500 kVt/saat aralığında enerji istifadə edir və onların daxilində buz qatının artması enerji sərfini əhəmiyyətli dərəcədə yüksəldir.

Digər tərəfdən, elektrikli qızdırıcılar məişət cihazları arasında ən yüksək enerji sərf edənlər hesab olunur. Onların illik istehlakı təxminən 3800 kVt/saat təşkil edir. Bununla yanaşı, qabyuyan maşın, paltaryuyan və soba kimi cihazlar da ümumi enerji xərclərində mühüm paya malikdir.

Araşdırma həmçinin göstərir ki, kiçik və “zərərsiz” hesab edilən cihazlar da ümumi xərclərə ciddi təsir edir. Məsələn, internet modemləri ildə orta hesabla 165 kVt/saat enerji sərf edərək bəzi hallarda mikrodalğalı soba kimi cihazları geridə qoyur.

Mütəxəssislər enerji sərfini azaltmaq üçün cihazların düzgün istifadəsini, mütəmadi texniki baxımı və lazım olmadıqda elektrik şəbəkəsindən ayrılmasını tövsiyə edirlər.

Piranə Xasiyeva