Son zamanlar vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi məsələsi geniş müzakirə doğurub.

Vəkil Arslan Mikayılov kredit borclarının ödənilməsi ilə bağlı hüquqi mexanizmlərə dair QHT.az-a açıqlama verib.

A.Mikayılovun sözlərinə görə, kredit üzrə həyat sığortası varsa borc sığorta tərəfindən ödənilir: "Əvvəlcə qeyd etmək lazımdır ki, əgər kredit üzrə həyat sığortası mövcuddursa, bu halda öhdəlik sığorta şirkəti tərəfindən qarşılanır. Yəni kredit alan şəxs vəfat etdikdə, sığorta hadisəsi baş vermiş sayılır və kredit borcu sığorta ödənişi hesabına bağlanır. Lakin həyat sığortası bütün kreditlər üçün məcburi deyil, bu, əsasən ipoteka kreditlərində tələb olunur, digər hallarda isə könüllü xarakter daşıyır".

Arslan Mikayılov bildirib ki, sığorta olmadığı halda və miras qəbul edilərsə borc vərəsələrin üzərinə keçir: "Əgər həyat sığortası yoxdursa və vəfat edən şəxsin miras əmlakı qalırsa, bu zaman məsuliyyət vərəsələrin üzərinə keçir. Vərəsələr mirası qəbul etdikləri halda, həmin əmlakın dəyəri və qəbul etdikləri pay nisbətində kreditor qarşısında öhdəlik daşıyırlar. Yəni borc mirasın tərkib hissəsi kimi qiymətləndirilir və vərəsələrə ötürülür".

Vəkil vurğulayıb ki, zaminlik olduqda öhdəlik zaminin üzərinə keçə bilər: "Digər bir hal isə zaminli kreditlərdir. Əgər kredit müqaviləsində zamin mövcuddursa, borcalanın vəfat etməsindən sonra öhdəlik zaminlərin üzərinə düşə bilər. Bu zaman zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq kredit ödənişi davam etdirilir".

Mütəxəssis qeyd edib ki, borcun ödənilməsi əsasən üç mexanizmlə həyata keçirilir, əks halda risk bankın üzərinə düşə bilər: "Ümumiləşdirərək demək olar ki, kredit borcunun ödənilməsi əsasən üç halda həyata keçirilir. Həyat sığortası mövcuddursa sığorta şirkəti tərəfindən, miras qəbul edilibsə vərəsələr tərəfindən və ya zaminlik varsa zaminlər tərəfindən. Əgər bu hallardan heç biri mövcud deyilsə, o zaman kredit riski bankın üzərinə düşür və borcun ödənilməsi mümkün olmadığı halda hüquqi qaydada ona xitam verilməsi məsələsi gündəmə gələ bilər".

Fatimə Nəbiyeva