Tanınmış jurnalist Mənsur İbrahimli 55 yaşında qəflətən vəfat edib.
QHT.az bildirir ki, 1971-ci ilin fevral ayında Göyçay rayonunun Bığır kəndində anadan olan Mənsur İbrahimli uzun illər jurnalistika sahəsində səmərəli fəaliyyət göstərib. O, 2002-ci ildən nəşr olunan “Əlillər Dünyası” qəzetində aparıcı jurnalist kimi çalışıb və bu qəzetin Milli Məclisdə təmsil olunmasında mühüm rol oynayıb.
Mənsur İbrahimli peşəkar fəaliyyəti dövründə jurnalistikaya dəyərli töhfələr verib, sözün məsuliyyətini və gücünü daim qoruyub. O, müxtəlif dövrlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Slavyan Universitetində çalışaraq həm elmi, həm də ictimai sahədə fəaliyyətini davam etdirib. Bununla yanaşı, “Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinə dəstəyini əsirgəməyib.
Həmkarları və onu tanıyanlar Mənsur İbrahimlini savadlı, istedadlı, səmimi və sadə insan kimi xatırlayırlar. O, peşəkarlığı ilə yanaşı, yüksək insani keyfiyyətləri ilə də seçilib və çalışdığı kollektivlərdə böyük hörmət qazanıb.
“Əlillər Dünyası” qəzeti, “Beynəlxalq Əlillər Cəmiyyəti”, “Türk Dünyası Turan Düşüncə Mərkəzi”, eləcə də digər ictimai birliklərin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Mənsur İbrahimlinin vəfatı onu tanıyanlar və həmkarları üçün ağır itki kimi qiymətləndirilir.
20 aprel 2026-cı il






