Azərbaycanda bəzi bölgələrdə qızların təhsildən yayınması problemi hələ də müşahidə olunur. Erkən nikah, ailə təzyiqi, sosial stereotiplər və iqtisadi çətinliklər bir çox qız uşağının təhsil yolunu yarımçıq qoymasına səbəb olur. Bu vəziyyət yalnız fərdi deyil, həm də cəmiyyətin inkişafına təsir edən ciddi sosial problemdir.

“Din və Qadın Hüquqları” İctimai Birliyinin sədri Tünzalə Qardaşova QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bəzi bölgələrdə qız uşaqlarının təhsildən yayınması problemi uzun illərdir sosial müzakirə mövzusu olaraq qalır. Son illərdə bu istiqamətdə müsbətə doğru irəliləyiş müşahidə olunsa da, problem tam aradan qalxmayıb və kompleks yanaşma tələb edir.

O qeyd edib ki, qızların təhsildən yayınmasının əsas səbəbləri çoxşaxəlidir. İlk növbədə erkən nikah halları və ailədaxili qərarvermədə qızların maraqlarının ikinci plana keçirilməsi bu prosesə ciddi təsir göstərir. Bununla yanaşı, cəmiyyətdə hələ də mövcud olan stereotiplər, yəni qızların əsas rolunun ailə qurmaq və məişətlə məşğul olmaq kimi qəbul edilməsi onların təhsil imkanlarını məhdudlaşdırır. 

Tünzalə Qardaşova vurğulayıb ki, iqtisadi çətinliklər də mühüm faktor kimi qalmaqdadır; bəzi ailələr üçün qız övladını təhsil üçün başqa şəhərə göndərmək həm maddi, həm də sosial  baxımdan çətin hesab olunur. Regionlar üzrə təhsil infrastrukturunun bərabər inkişaf etməməsi də bu problemi dərinləşdirən amillərdəndir.

Mövcud dövlət proqramları və həyata keçirilən islahatlar bu problemin həllində mühüm rol oynamaqdadır. Son illərdə regionlarda peşə təhsili müəssisələrinin yaradılması və genişləndirilməsi qızların təhsilə əlçatanlığını əhəmiyyətli dərəcədə artırmışdır. Xüsusilə Cəlilabad rayonu və Lənkəran rayonu ərazilərində fəaliyyət göstərən peşə yönümlü təhsil müəssisələri, eləcə də Masallı rayonu ərazisində kollecin mövcudluğu qızların uzaq məsafələrə getmədən təhsil və peşə bacarıqları əldə etməsinə imkan yaradır. Bu isə həm iqtisadi yükü azaldır, həm də ailələrin sosial tərəddüdlərini minimuma endirir.

Nəticə etibarilə, xüsusilə cənub bölgəsində əvvəlki illərlə müqayisədə qızların təhsildən yayınması hallarının azalması nəzərəçarpacaq şəkildə müşahidə olunur və bu müsbət tendensiyanın davam edəcəyi gözlənilir.

Qeyri-hökumət təşkilatlarının  bu sahədə rolu isə tamamlayıcı və strateji əhəmiyyət daşıyır. QHT-lər ilk növbədə maarifləndirmə fəaliyyətlərini gücləndirməli, ailələr və icmalar arasında qız təhsilinin əhəmiyyəti barədə davamlı informasiya kampaniyaları həyata keçirməlidirlər. Erkən nikahın hüquqi və sosial nəticələri barədə məlumatlandırma, uğurlu qadın nümunələrinin təbliği və icma əsaslı təşəbbüslər bu istiqamətdə effektiv vasitələr hesab olunur. Bununla yanaşı, sosial həssas ailələr üçün təhsil dəstəyi proqramları və qızların peşə yönümlü inkişafına xidmət edən təşəbbüslərr genişləndirilməlidir.

Son olaraq o bildirib ki, qızların təhsildən yayınmasının qarşısının alınması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında koordinasiyalı əməkdaşlıq vacibdir. Regionlarda təhsil imkanlarının genişləndirilməsi, sosial stereotiplərin aradan qaldırılması və iqtisadi maneələrin azaldılması istiqamətində atılan addımlar bu problemin həllinə davamlı töhfə verəcəkdir.

Piranə Xasiyeva