Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Elzar Süleyman oğlu Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edən Elzar Yusubov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 8-də qəhrəmancasına şəhid olub.
Elzar Yusubov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!










