Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda anadan olub.
QHT.az xəbər verir ki, Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. 1992-ci ildən DİN-də işləməyə başlayan Mətləb Quliyev tez-tez cəbhə gedərək torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1992-ci ilin 31 avqust tarixində Ağdam istiqamətində erməni silahlı qüvvələri ilə baş tutan şiddətli döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə Quliyev Mətləb Kamran oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Qeyd edək ki, Gənclər kitabxanasının əməkdaşları Məzahir İsmayılov adına Laçın rayonu Cicimli kənd tam orta məktəbində Milli Qəhrəmanlar Mətləb Quliyev, Vüqar Hüseynov və Səyavuş Həsənova həsr olunmuş qəhrəman günü keçirdilər.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın 1dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirin aparıcısı Gənclər kitabxanasının müdiri Leyla Mahmudova qəhrəmanlarımızın qısa, lakin şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verdi. Sonra “Tarix qəhrəmalığı unutmur” adlı sərgidə əks olunan birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş kitabların xülasəsini verdi.Tədbir məktəblilərin ifasında şəhidlərə,qəhrəmanlığa həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam etdi.
Ruhları şad olsun!
Pərvanə Fərhadqızı










