COVID-19 pandemiyasından sonra ABŞ-da alkoqol istifadəsində ilk dəfə azalma müşahidə olunub. Araşdırmaya görə, bu tendensiyada xüsusilə Z və Y nəsillərinin nümayəndələri önə çıxır.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2018-2024-cü illər üzrə 114 mindən çox insanın məlumatlarının təhlilinə əsasən, son bir ildə hər hansı miqdarda alkoqol qəbul edən böyüklərin payı təxminən 2 faiz azalıb. Həddindən artıq alkoqol qəbul edənlərin nisbəti isə 2022-2024-cü illər arasında 8 faizdən çox aşağı düşüb.

Azalma həm kişilər, həm də qadınlar arasında qeydə alınıb. Kişilərdə ümumi alkoqol istifadəsində, qadınlarda isə həddindən artıq alkoqol qəbulunda daha böyük azalma müşahidə edilib.

18-29 yaş arası Z nəsli nümayəndələrində alkoqol istifadəsi 5 faizdən çox azalıb. 30-49 yaş arası Y nəsli arasında isə həddindən artıq alkoqol qəbulu 2022-2024-cü illərdə 17 faiz aşağı düşüb.

Mütəxəssislər Z nəslində alkoqol istifadəsinin azalmasının mümkün səbəbləri arasında alkoqoldan uzaq durmağa yönəlmiş hərəkatların və alkoqolun sağlamlığa zərərləri barədə məlumatlılığın artmasını göstərirlər. Alkoqol əvəzinə marixuana kimi digər maddələrdən istifadənin də bu tendensiyaya təsir göstərə biləcəyi qeyd olunur.

ABŞ-da 50-64 yaş arası insanlarda isə əks tendensiya müşahidə olunub. Bu qrupda həddindən artıq alkoqol qəbulu 2018-2024-cü illərdə 36 faizdən çox, ümumi alkoqol istifadəsi isə 4 faiz artıb.

Mütəxəssislər bu yaş qrupunda alkoqolun qaraciyər xəstəlikləri, xərçəng və ürək-damar xəstəlikləri ilə əlaqəli risklərindən narahatdırlar. Alkoqolla bağlı sirroz diaqnozunun qoyulduğu orta yaşın 50-lər olduğu bildirilir.

Həkimlər alkoqol istifadəsindən narahat olan şəxslərə mütəxəssisə müraciət etməyi və lazım gəldikdə qaraciyər müayinələrindən keçməyi tövsiyə edirlər.

Zəhra Mansırova