İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) Google-u istifadəçilərin məkan məlumatlarının işlənməsi ilə bağlı Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) pozduğuna görə 403 milyon avro cərimələyib.
QHT.az xarici mediaya istinadən bildirir ki, DPC-nin açıqlamasına görə, Google 2018-2020-ci illərdə “Veb və Tətbiq Fəaliyyəti”, “Məkan Tarixçəsi” və “Məkan Dəqiqliyi” funksiyaları vasitəsilə GDPR qaydalarını pozub.
Tənzimləyici qurum Google-a məkan məlumatlarının işlənməsi prosesini altı ay ərzində qanunvericiliyə uyğunlaşdırmağı da tapşırıb.
DPC sədr müavini Qrem Doyl bildirib ki, Google-un yol verdiyi nöqsanlar nəticəsində istifadəçilər məkan məlumatlarının, məsələn, reklam məqsədilə istifadə edildiyindən xəbərsiz qala və şəxsi məlumatları üzərində nəzarəti itirə bilərlər.
Araşdırma 2020-ci ildə Avropadakı bir sıra istehlakçı hüquqları təşkilatlarının, o cümlədən BEUC-un şikayətləri əsasında başladılıb. İstintaq Google-un “Veb və Tətbiq Fəaliyyəti” və “Məkan Tarixçəsi” funksiyalarında məkan məlumatlarının işlənməsinin qanuniliyini və şəffaflığını əhatə edib.
Google isə işin keçmiş siyasətlərə aid olduğunu bildirib. Şirkətin sözçüsü 2019-cu ildən etibarən istifadəçilərə məkan məlumatlarını idarə etmək üçün daha geniş imkanlar təqdim etdiklərini və tətbiqlərini əhəmiyyətli dərəcədə yenilədiklərini qeyd edib.
Şirkət həmçinin istifadəçilərə şəxsi məlumatları avtomatik silmək, “Zaman qrafiki” məlumatlarını birbaşa cihazda saxlamaq və məkan məlumatlarının reklam məqsədilə istifadəsini idarə etmək imkanı verən yeniliklərin tətbiq edildiyini açıqlayıb.
Zəhra Mansırova












