“1999-cu ildən fəaliyyətə başlayan təşkilatımızın məqsədi sosial təhlükəsiz şəraitdə yaşayan uşaqlara, ailələrə sosial xidmətin göstərilməsi, sosial psixoloji reabilitasiyadan keçməsi, cəmiyyətə reinteqrasiyasından ibarətdir. Təşkilatın nəzdində 4 xidmət mərkəzi fəaliyyət göstərir”.

Bu sözləri Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, bu xidmətlərdən biri ölkədə alternativi olmayan Uşaq-qadın Qaynar Xətti xidmətidir: “Birbaşa uşaqların, qadınların hüquqlarının bərpası istiqamətində qaynar xətt olaraq, 24 saat ərzində sosial şəbəkə üzərindən birbaşa telefonlarla, qısa dövlət tərəfindən verilmiş və bütün dünyada istifadə olunan 116-111 nömrəsi ilə fəaliyyət göstərir. Həmçinin iki mobil nömrə Azercell şirəti tərəfindən hədiyyə olunub ki, bu da insanların regionlardan, bölgələrdən əlçatanlığın təmin olunması məqsədilə WhatsApp üzərindən mobil telefonla tez müraciət etmələri və erkən təcili müdaxilə nəticəsində ailələrin problemlərinin həllinə töhfə verməkdir. Digər Xidmət Mərkəzi zorakılığa məruz qalmış uşaqlar, gənclər üçün Sosial Reabilitasiya Mərkəzidir. Üçüncü xidmətimiz Yuvenal Ədliyyə Mərkəzidir ki, əsasən cinayət törətmiş, riskli davranışa meyilli uşaq və gənclərin sosial-psixoloji reabilitasiyası ilə məşğul olur. Bu həm mərkəzin özündə, həm də mərkəzin işçi heyyəti tərəfindən ədliyyə nazirliyinin probasiya idarəsinin nəzdində olan məhkumlar, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xiddmətinin nəzdində olan cinayət törətmiş məhkum uşaqlarla işləyirik”. 

Digər xidmətin Uşaq Hüquqları Klinikası olduğunu qeyd edən Kəmalə Aşumova bildirib ki, hüquqşünasların çalışdığı məkanda ailələrin,  uşaqların hüquqlarının birbaşa müdafiəsi, ərizələrinin yazılması, məhkəmə proseslərində iştirak, polis idarələri, İcra Hakimiyyəti nəzdində azyaşlılar üzrə komissiyalar, məhkəmələr, prokurorluq, Bakı təcridxanası, İstedad təcridxanası, probasiya idarəsi, Uşaq Tərbiyə Müəssisəsi kimi yerlərdə uşaqların hüquqlarının müdafiəsi işi aparırlar: “Əhaliyə birbaşa xidmət göstərilir, hətta problemdən sonra onların reinteqrasiya işlərini də görürük. İşlə təminat, təhsilə davamiyyət və onların ailəsinə müəssisədən sonra ailələrində adaptasiyalarına dəstək olmaqdan ibarətdir”.

 

Pərvanə Fərhadqızı